"Hər medalın arxasında əzmkarlıq, peşəkarlıq və fədakarlıq dayanır"

"Hər medalın arxasında əzmkarlıq, peşəkarlıq və fədakarlıq dayanır"

"Bizim üçün Polşada keçirilən bu mötəbər turnirdə iştirak etmək və Azərbaycan bayrağını dəfələrlə fəxri kürsüdə qaldırmaq imkanı böyük qürur və eyni zamanda böyük məsuliyyətdir".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi Vüsal Əbdülzadə deyib.

Fudokan üslubunun rəsmi nümayəndəsi Azərbaycan kateçilərinin Polşanın Pulavi şəhərində keçirilən fudokan üzrə 10-cu dünya çempionatında uğurlu çıxışı haqda danışıb:

"Dörd gün ərzində komandamız həm tatamidə, həm də ondan kənarda peşəkarlıq, əzmkarlıq və milli ruh nümayiş etdirdi. Gənc idmançılar xarakter nümayiş etdirərək öz səviyyələrini sübut etdilər ki, bu da gələcəyə ümidimizi daha da artırır”.

Federasiya rəsmisi komandanın uğurunda millinin baş məşqçisi Bəşir Məmmədovun böyük əməyinin olduğunu qeyd edib:

"Məşqçilər heyətinin səbirli və sistemli hazırlığı sayəsində bu gün Azərbaycan fudokanı özünü dünya səviyyəsində inamla bəyan edir. Hər medalın arxasında əzmkarlıq, peşəkarlıq və fədakarlıq dayanır".

Qeyd edək ki, Azərbaycan komandası 4 ildən bir keçirilən fudokan üzrə dünya çempionatında ümumilikdə 9 medal - 5 qızıl, 2 gümüş və 2 bürünc qazanıb.