"Neftçi" rəhbərliyi İsgəndər Cavadovla görüşüb təbrik etdi

 "Neftçi" rəhbərliyi İsgəndər Cavadovla görüşüb təbrik etdi

"Neftçi" veteran futbolçusu İsgəndər Cavadovu təbrik edib.

"Mediasport" xəbər verir ki, Cavadov bu gün “Palms Sports” Futbol Mərkəzində klubun qonağı olub.

“Neftçi” PFK-nın baş icraçı direktoru Cenk Sümer və digər klub nümayəndələri ilə görüşən Cavadova 70 illik yubileyi münasibətilə xatirə hədiyyəsi təqdim edilib.

“Neftçi”nin hazırkı durumu və gələcək planları haqda fikir mübadiləsi aparılıb.

Daha sonra futbol mərkəzi ilə yaxından tanış olan yubilyar “Neftçi TV”yə geniş müsahibə verib.

İsgəndər Cavadov “Neftçi” tarixinin ən yaxşı hücumçularından biridir.

1956-cı il sentyabrın 20-də Bakıda dünyaya gələn Cavadov futbolun incəliklərini Eduard Cəbrayılovun rəhbərlik etdiyi qrupda öyrənməyə başlayıb.

Sonra isə bu idman növü ilə 6 nömrəli idman-internat məktəbində məşğul olub.

Tezliklə onu “Neftçi”nin əvəzedici heyətinə götürüblər.

Bundan sonra o, SSRİ birinciliyinin 2-ci liqasında mübarizə aparan “Xəzər” (Sumqayıt), daha sonra isə “Avtomobilçi” (Bakı) klubunda çıxış edib.

Cavadov 1976-cı ildə yenidən “Neftçi”nin əvəzedici heyətinə dəvət alıb və qısa müddətdə komandanın kapitanına çevrilib.

Onun əsas heyətdəki debütü 1977-ci ilə təsadüf edib.

Baş məşqçi Gennadi Bondarenko Cavadovu “Şaxtyor”la səfər matçının sonlarında meydana buraxıb.

Bu həm də Cavadov qardaşlarının – Füzuli ilə İsgəndərin ilk dəfə eyni anda meydanda olmaları idi.

İsgəndər Cavadov 1978-ci ildən başlayaraq “Neftçi”də keçirdiyi 4 uğurlu mövsümdən sonra SSRİ-nin digər güclü komandalarından təkliflər gəlməyə başlayıb və Cavadov Moskva “Dinamo”suna keçib.

O, “Dinamo”nun heyətində UEFA Kubokunda Polşanın “Şlensk” klubuna qol vurub. 

İsgəndər Cavadov “Neftçi”yə döndükdən sonra yenidən əsl liderə çevrilib. Kapitan kimi komanda yoldaşlarını arxasınca aparmağı bacaran hücumçu SSRİ çempionatında ardıcıl 77 oyunu əvəzedilmədən keçirərək “Neftçi”nin rekordçusu olub.

1988-ci ildə “Neftçi”nin Güclülər dəstəsini tərk etməsi ilə yanaşı, İsgəndər Cavadov da futbolla vidalaşıb.

Güclülər dəstəsində vurduğu 53 qol sayəsində SSRİ-nin 100 ən yaxşı bombardiri siyahısına düşüb.

Ümumilikdə, “Neftçi”nin heyətində keçirdiyi 12 mövsüm ərzində 303 oyunda meydana çıxan veteran 61 qola imza atıb.

Futbolçu karyerasını bitirdikdən sonrada Azərbacanda futbolun inkişafına töhfə verən, AFFA İcraiyyə Komitəsinin üzvü olan, hazırda Regional Futbol Federasiyasının prezidenti kimi çalışan İsgəndər Cavadov 2006-cı ildə “Şöhrət ordeni”, bir neçə gün əvvəl isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.