"İdman prinsiplərinin bərpa olunması liqalara marağı artırıb"

"İdman prinsiplərinin bərpa olunması liqalara marağı artırıb"

"Artıq bu mövsümdən Premyer Liqa 12 komandanın iştirakı ilə keçiriləcək. Bu mövsüm yeniliklər çoxdur. Komanda sayı, çempionatın formatı fərqlidir, legioner limiti olmayacaq."

"Mediasport" xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) texniki idman direktoru Elgiz Abbasov deyib.

Qurum rəsmisi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün püşkatma mərasimindən sonra təşkil olunmuş brifinqdə danışıb.

O, yeniliklər barədə bunları qeyd edib:

"Ötənilkidən fərqli olaraq bu mövsüm çempionat 3 dövrədən ibarət olacaq. İlk növbədə 1-ci və 2-ci dövrənin püşkü atıldı. Daha sonra 3-cü dövrənin püşkatması oldu. Komandaların ev və səfər oyunlarının ümumi sayında hər hansı bir dəyişiklik yoxdur.

Bu il yenilik edərək püşkatmada 33 turun hamısının təqvimini açıqladıq. Bildiyiniz kimi, bu mövsüm legioner limiti ləğv olunub. Təbii ki, rüsumlarda da dəyişiklik olunub. Ümid edirik ki, hər şey yaxşı olacaq.

PFL olaraq mövsümə çox gərgin şəkildə hazırlaşırıq. Hər yeni mövsüm bizim üçün bir çağırışdır".

E.Abbasov Premyer Liqada idman prisniplərinin qorunmasının vacibliyindən də söz açıb:

"Düzdür, "Karvan" və "İmişli"nin infrastrukturunda müəyyən problemlər var. Ötən mövsüm həm İmişli şəhər stadionu, həm Yevlax şəhər stadionunda nəinki 1-ci Liqa, həvəskar səviyyədə futbol oynamaq mümkün deyildi. Amma biz onlara şans yaratdıq. Hər iki klub ev oyunlarını öz stadionlarında keçirdilər. Hər iki klub infrastrukturun yaxşılaşdırılması üçün əlindən gələni edir. İdman prinsiplərinin bərpa olunması liqalara marağı ciddi şəkildə artırıb.

Qeyd edək ki, Premyer Liqada yeni mövsümün startı avuqustun 15-də olacaq.