"Komandanın perspektivi var, inanıram" - AYXAN ABBASOV

 "Komandanın perspektivi var, inanıram" - AYXAN ABBASOV

"Azarkeşlərə təşəkkür edirəm. Oyunun ağır keçəcəyini bilirdik. Qarışıq heyətlə oynadıq. Əsas motivasiya üçün qələbə lazım idi".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis Tacikistan yığması ilə Bakıda keçirilən yoldaşlıq oyunundan sonra mətbuat konfransında iştirak edib.

"Qələbə yaxşı oldu. Birinci hissədə tempi yüksəldə bilmədik, amma ikinci hissə dəyişiklikdən sonra 20-25 dəqiqə çox yaxşı temp oldu.

Bu da bizə lazım olandır. Bizi ağır səfər gözləyir, bu tempə dözmək lazımdır. Bəzi oyunçularımıza istirahət etdirdik.

İnanıram ki, onlar da bizə qoşulacaq və Litva səfərindən sərfəli nəticə ilə qayıdacağıq".

Abdulla Xaybullayevin durumu nə yerdədir? Edqar Adilxanovu necə, növbəti oyunlarda görə biləcəyik?

- Tək Xaybullayevdə yox, Mahirdə də zədə oldu. Xaybullayevdə problem yoxdur. 90 dəqiqə meydanda az olan futbolçularda bunlar hiss edildi. Edqara gəldikdə, bu gün qələbədən də çox, gəncləri qazandıq. Fərid Yusifli də debüt etdi. Hardansa başlanğıc olmalıdır. Gənclərə yol açmaq lazımdır.

Matçdan sonra baş katib Cahangir Fərəcullayev paltardəyişmə otağına enmişdi, söhbətiniz uzun çəkdi deyəsən. Bir də legioner həyatı yaşayan futbolçularımız başda olmaqla, komandanın oyunu ümid verir?

- Baş katib həmişə yanımızdadır, həmişə dəstəyini verir, uğurlar arzuladı. Milli komandada bir yaxşı oyuna sahib olmaq üçün vaxt lazımdır. İki məşqlə, qarışıq heyətlə istədiyimizi indi tam ala bilmirik. Üç gün də vaxtımız olacaq. Gənclər də gəlir. Komandanın perspektivi var, inanıram.

Bu oyundan sonra sizcə hansı komponentlərdə artırmaq lazımdır?

- Bəzi mövqelər var idi ki, bizə sual doğurdur, o futbolçuları görmək istəyirdik.  Onları bu gün gördük, suallarımıza cavab oldu. Litva tam başqa cür komandadır, onlara tam başqa hazırlaşacağıq. Oyun planımızda da dəyişikliklər olacaq.

Rəhim Sadıqov start heyətində hücumun sivri ucunda yer alırdı. Bu, rəqib qapıçı Oleq Baklovu daha yaxşı tanıması ilə bağlı idi?

- Xeyr, o oyun üslubumuz idi. Rəqibi pressinq edəndə, iki hücumçu olurduq. Top bizdə olanda Rəhimdən daha çox 10 nömrə kimi istifadə etmək istəyirdik. Bəzən belə oyunlar, rəqibin müdafiəsini yarmaqda gizli hücumçu kimi istifadə etmək istəyirdik.

Litva səfərindən bir xal gətirmək sərfəli nəticə hesab oluna bilər?

- Qrupda üç komanda var da. Hər xal, hər top vacib olacaq. Əsas məqsəd birinci yeri tutmaqdır. Ona görə də nəticəyə oynamalıyıq. Xal vacib olacaq.