“Qarabağ”la SOCAR anlaşdı, böyük ərazi icarəyə götürüldü - Açıqlama

“Qarabağ”la SOCAR anlaşdı, böyük ərazi icarəyə götürüldü - Açıqlama

"Qarabağ" yaxın vaxtlarda yeni təlim-məşq bazasının inşasına başlayacaq.

"Mediasport" xəbər verir ki, bu barədə "Sportinfo"ya Ağdam təmsilçisinin futbol akademiyasının baş koordinatoru Aftandil Hacıyev məlumat verib.

Onun bildirdiyinə görə, Suraxanıda yerləşən və SOCAR-ın balansında olan ərazinin klubun uzunmüddətli icarəyə verilməsinə dair danışıqlar artıq yekunlaşıb.

Hazırda beş hektarlıq sahəyə aid sənədləşmə işləri gedir. Eyni zamanda, burada aparılacaq tikintiyə sərf olunacaq büdcənin müəyyənləşdirilməsi davam edir:

"Yer çox xoşumuza gəlib. Orada normal akademiya yaratmaq mümkündür.

Futbolçuların qalması və qidalanması üçün otel tipli bina tikiləcək. Ölçüləri standartlara uyğun gələn iki meydança salınacaq.

Onların ikisi də təbii örtüklü olacaq. Həmçinin süni qazondan ibarət meydança hazırlanacaq.

Xeyli müddətdir ki, aşağı yaş qruplarımız müxtəlif yerlərdə məşq keçir. Bu da böyük xərc aparır.

Yeni baza tikiləndən sonra büdcəyə xeyli qənaət edəcəyik. Bütün komandalar bir yerdə olanda onlara nəzarət etmək də asanlaşır.

Mən klubumuzun rəhbərliyinə minnətdaram ki, akademiyanın fəaliyyətinə bu cür qayğı göstərirlər. Yerlə bağlı məsələ onların daimi diqqətindədir.

Yəqin ki, ilin sonunadək tikintiyə start veriləcək. Hazırda sənədləşmənin başa çatmasını gözləyirik".