"Qarabağ" 15 ildən sonra ilk dəfə ardıcıl üç oyunda qol vura bilməyib
"Qarabağ" Misli Premyer Liqasındakı qolsuzluq seriyasını 3-ə çatdırıb.
"Mediasport" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv son 15 mövsümdə ilk dəfə belə seriya ilə üzləşib.
"Sabah" və "Qəbələ" ilə qolsuz heç-heçələrdən sonra Ağdam klubu XI turda "Turan Tovuz"a 0:1 hesabı ilə uduzub.
"Qarabağ" sonuncu dəfə 2011/2012 mövsümündə ardıcıl üç qarşılaşmada qol vurmayıb.
15 il 3 ay əvvəl – 2011-ci il avqustun 21-də "Kəpəz"i səfərdə 2:1 hesabı ilə məğlub etdikdən sentyabrın 24-də AZAL-ın meydanındakı 3:1 hesablı qələbəyədək Ağdam klubu üç qolsuz görüş keçirib.
Evdə avqustun 27-də "Qəbələ, sentyabrın 17-də "Xəzər Lənkəran"a eyni – 0:1 hesabı ilə uduzan komanda sentyabrın 11-də Sumqayıtda eyniadlı komanda ilə heç-heçə edib – 0:0.
"Qarabağ"ın Azərbaycan çempionatlarındakı ən uzun qolsuz seriyası 4 matçdan ibarətdir. Belə seriya 2 dəfə qeydə alınıb. Ağdam klubu daha bir görüşdə fərqlənə bilməsə, bu antirekordu təkrarlayacaq.
Qeyd edək ki, "Qarabağ" həm də ardıcıl 4 oyunda qələbə qazanmamaqla son 11 mövsümdə ilk dəfə belə halla üzləşib. Ağdam klubu sonuncu dəfə 2015/2016 mövsümündə belə seriya yaşayıb.

