BOS-dan "Borussiya" rəsmisinin səsləndirdiyi ittihamlara cavab

BOS-dan "Borussiya" rəsmisinin səsləndirdiyi ittihamlara cavab

Bakı Olimpiya Stadionu (BOS) UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində oktyabrın 20-də keçirilmiş “Sabah” – “Borussiya" Dortmund (Almaniya) oyunundan sonra qonaq komandanın rəsmilərindən birinin mətbuata verdiyi açıqlamaya aydınlıq gətirib.

"Mediasport" xəbər verir ki, BOS-un sosial şəbəkə hesabında eidlən paylaşımda arenanın su təchizatı sistemində heç bir problem olmadığı bildirilib.

Paylaşımı təqdim edirik:

"Almaniya klubunun rəsmilərindən biri stadionun paltardəyişmə otaqlarında yerləşən duş kabinlərindən istifadə etmədiklərini, BOS-un su təchizatı sistemində “legionella” bakteriyasının ola biləcəyi ehtimalını səsləndirmişdi.

Hər hansı mənbəyə və ya laborator analizin nəticələrinə istinad olunmadan belə əsassız fikirlərin bildirilməsi təəccüb və təəssüf hissi keçirməyimizə səbəb olmuş, öz növbəmizdə mətbuata açıqlama verərək səslənən iddiaların həqiqəti əks etdirmədiyini, BOS-un su təchizatı sisteminin müvafiq keyfiyyət standartlarına cavab verdiyini, bu məsələ ilə bağlı arenanın qüvvədə olan sertifikata malik olduğunu vurğulamışdıq.

Eyni zamanda, cari mövsümdə UEFA Çempionlar Liqası turniri çərçivəsində Bakı Olimpiya Stadionunda məşqlər və oyunlar keçirmiş “Sabah” və “Slaviya Praqa” (Çexiya) komandaları tərəfindən bu məsələ ilə əlaqədar hər hansı iradla qarşılaşmadığımızı bildirmişdik.

Bakı Olimpiya Stadionunun su təchizatı sisteminin standartlara cavab verdiyini təsdiqləyən və hazırda qüvvədə olan laborator analiz nəticələrinə malik olmağımıza baxmayaraq, bu məsələdə ictimaiyyətin əminliyini bir qədər də möhkəmləndirmək məqsədilə BOS-dan yenidən götürülmüş su nümunələrinin ayrı-ayrı laboratoriyalarda analizi aparılıb və nəticələr daha əvvəl səsləndirdiyimiz fikirləri növbəti dəfə təsdiqləyib.

“MediClub” Tibb Klinikası və “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi”nin Mərkəzi Laboratoriyası tərəfindən aparılmış, mətnə əlavə olunmuş fotolardakı analiz nəticələri Bakı Olimpiya Stadionunun su təchizatı sistemində hər hansı problemin olmadığının növbəti sübutudur. 

“Borussiya Dortmund” klubunun nümayəndəsi tərəfindən bu məsələ ilə əlaqədar səsləndirilmiş fikir əsassızdır, “Barselona” isə mövzu ilə bağlı narahat olmaya bilər".

Qeyd edək ki, Almaniyanın "Bild" nəşri "Sabah"la qarşılaşmadan sonra "Borussiya" futbolçularının stadionda yuyunmaqdan imtina edərək birbaşa otelə yollandıqlarına dair məlumat yaymışdı.

Səbəb kimi stadiondan müntəzəm istifadə olunmadığı və buna görə borularda ağır pnevmoniyaya qədər müxtəlif yoluxucu xəstəliklərə yol aça bilən bakteriyaların yaranmasından və oyunçuların sağlamlığının riskə düşməsindən yaranmış narahatlıq göstərilmişdi.