Azərbaycan prezidenti Xankəndi stadionunun açılışında - FOTO

Azərbaycan prezidenti Xankəndi stadionunun açılışında - FOTO

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndi stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.

"Mediasport" xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına stadionda yaradılmış şərait barədə məlumat verdi.

Bildirildi ki, Xankəndi Şəhər Stadionu 1956-cı ildə istifadəyə verilib.

2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində Xankəndi şəhəri erməni işğalından azad olunub. Bundan sonra stadionun əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.

Xankəndi Şəhər Stadionu əsaslı təmir edilərək UEFA-nın 3-cü kateqoriya standartlarına uyğun qurulub.

Stadionun ərazisi genişləndirilərək 3,39 hektara çatdırılıb.

Stadionun ümumi tamaşaçı yerlərinin sayı ümumilikdə 8554-dür. Onlardan da 8214-ü standart oturacaqlı, 251-i isə xüsusi qonaqlar üçün olan yerlərdir.

Bundan başqa, 59 yer media, 30 yer isə fiziki imkanları məhdud olan şəxslər üçün nəzərdə tutulub.

Uzunluğu 105, eni isə 68 metr olan futbol meydançasına süni ot örtüyü döşənib. Meydançanın ətrafında isə atletika zonası yerləşir.

Bu zona 100 metr, eyni zamanda, 200 metrdən 10 min metrədək məsafələrə qaçış, o cümlədən maneələrlə qaçış, uzununa tullanma və digər zonalardan ibarətdir.

Stadionda futbolçular və texniki heyət, həmçinin hakimlər, məşqçilər, media nümayəndələri üçün otaqlar, konfrans zalı, tibb məntəqəsi var.