Milli Olimpiya Komitəsinin Hesabat-seçki Baş Məclisi keçirildi

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) IX Hesabat-seçki Baş Məclisinə yekun vurulub.
"Mediasport" xəbər verir ki, baş məclis qurumun vitse-prezidenti Çingiz Hüseynzadənin sədrliyi ilə keçirilib.
Toplantıda Milli Olimpiya Komitəsinin üzvləri, Olimpiya və qeyri-Olimpiya idman növləri federasiyalarının və idman təşkilatlarının nümayəndələri iştirak ediblər.
Çingiz Hüseynzadə qurumun 2022-2024-cü illərdəki fəaliyyəti haqqında hesabat-məruzə ilə çıxış edib. O, iqtisadi və digər sahələrdə inkişaf sürətinə görə regionun lider dövləti olan Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanındığını bildirib.
Çingiz Hüseynzadə hesabat dövründə Azərbaycanın idman tarixində bir sıra uğurlu hadisələrin baş verdiyini diqqətə çatdıraraq, ölkəmizin son olaraq 2024-cü ildə Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında 7 medal (2 qızıl, 2 gümüş, 3 bürünc) qazandığını qeyd edib.
Hesabat məruzəsi dinlənildikdən sonra səsə qoyularaq yekdilliklə qəbul olunub. Sonra MOK-un Təftiş Komissiyasının hesabat məruzəsi dinlənilib.
Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov və idmançılar adından çıxış edən Fərid Mansurov hesabat məruzəsini və MOK-un fəaliyyətini yüksək qiymətləndirərək, gələcək işlərdə uğurlar arzulayıblar.