"İslandiyadakı ağır məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq"

"Sabah bizi ağır oyun gözləyir. Ukrayna ilk oyunda Fransaya məğlub olub və buradan ölkələrinə qalibiyyətlə geri dönmək istəyəcəklər".
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli deyib.
O, DÇ-2026-nın seçmə qrup mərhələsinin Ukrayna ilə oyunundan öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
"Biz İslandiyada aldığımız ağır məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq. Çalışırıq elə edək ki, sabahkı oyuna tam şəkildə hazır olaq. Futbolda həm tənqid, həm də tərif var, pis zamanlar da olur. Artıq bir neçə oyundur ki, yaxşı nəticə qazana bilmirik və futbolçular bu səbəbdən təzyiq yaşayırlar. Amma bu, o demək deyil ki, biz üzülməliyik".
Emreli komanda yoldaşlarının psixoloji durumundan söz açıb və qələbə qazanmalı olduqlarını vurğulayıb:
"Biraz daha yaxşı nəticələr qazansaq, oyunçularımız da özlərini daha rahat hiss edəcəklər. Bir neçə ay əvvəl burada Macarıstana qarşı yaxşı oyun nümayiş etdirmişdik, amma məğlub olmuşduq. Yenə də yaxşı futbol göstərib uduzmaq var, bir də oyun göstərmədən məğlub olmaq var".
Azərbaycan - Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.