"Epizod bizim qapımızda olsaydı, 100 faiz penaltini verəcəkdilər"

"Futbolçularıma "sağ ol" deməyə borcluyam. Çox əziyyət çəkdilər, qaçdılar. Yaxşı şeylər etməyə çalışdılar. İtkilərimiz var idi. Buna baxmayaraq, futboldan, oynadığımız oyundan çox məmnun qaldım".
"Mediasport" xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov səsləndirib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 4-cü turunun "Sabah"la qarşılaşması haqda danışıb, 0:0 hesablı bərabərliyi şərh edib:
"Bu gün daha yaxşı oynayan komanda gördük. Azarkeşlərimizi başa düşürəm. Nəticə yoxdursa, danışılan sözlər də bəlkə qəbul olunmur. Hamı gözləyirdi ki, birinci oyunda qələbə olacaq. Başa düşürəm. Bir komandanı oyunlara stressiz, təzyiqsiz hazırlamağı bacarırıq. Sadəcə, danışa bilmədiyimiz məqam, bizim dilimizi kəsən məqam nəticədir. Bu işi davam etdirəcəyik, daha da yaxşı oynayacağıq. Bəzi epizodlarda meydanda bir komanda var idi, o da "Neftçi" idi. Vurulmayan epizodlar... Onu nə ilə bağlayım, bilmirəm. Yeni qurulan komanda olaraq bu cür rəqiblərə qarşı neçə epizod yarada bilərik? Ümid edirik ki, yaxşı oyunun sonunda yaxşı nəticə olacaq.
Murad Xaçayev yaxşı oynadı. İqor Ribeyro qayıtdıqdan sonra onu və ya Elvin Bədəlovu ehtiyatda görə bilərik?
- Komandaya gələnlərin hamısından məmnunuq. İndi vəziyyət elə gətirdi ki, Xaçayev oynadı. Bütün komandadan razıyam. Elvin və Murad gələndə onların ətrafında nə qədər söhbətlər gedirdi. Elvin də, Murad da çox yaxşı işlər gördülər. Kimin ehtiyatda olacağını deyə bilmərik. Üçü də təki bu formada olsun, biz baş sındıraq ki, kimi oynadaq.
Qatar gedir, rəqiblər gözləmirlər. Sizcə, "Neftçi" rəhbərliyi vaxt verəcək?
- Bu suala cavab vermək istəmirəm. Buna cavab verəcək adam mən deyiləm. Çox çətin vəziyyətdəyik. Həmişə çətin olub. İşimiz oynadığımız futbolu daha da yaxşılaşdırmaqdır. Futbolçular ancaq ona kökləniblər. Onlar da yazılanları oxuyurlar, təzyiqi görürlər. Meydançadan kənarda da işlərimiz var ki, onu aşılamağa çalışırıq. Oyunumuzdan çox razıyam. Qol epizodlarını vura bilməməyin izahı məndə yoxdur.
Sizcə, Azərbaycan millisinin baş məşqçisi yerli, yoxsa əcnəbi mütəxəssis çalışdırmalıdır?
- Yerli məşqçinin tərəfdarıyam. Son oyun da göstərdi ki, bizi anlayan, futbolumuzun reallığını dərk edən, oyuna çıxaracaq məşqçi varsa, o da yerlidir. Kim olacaqsa, ona uğurlar arzulayıram, xeyirlisi olsun.
Penalti peizodu haqqında nə deyə bilərsiniz?
- O məsələ mənim üçün anlaşılmaz qaldı. Referi epizodu görürdü və dərhal penalti verdi. Niyə VAR müdaxilə etdi? Top qapıya gedirdi, futbolçu onu əli ilə blok edirdi. Rəqib futbolçudan sonra heç kim yox idi. Varqasın epizodu da var idi. Ən azından ikisindən biri penalti idi. Əminliklə deyirəm ki, epizod bizim qapımıza olsaydı, 100 faiz penalti veriləcəkdi.
Konkret futbolçu var ki, komandaya gətirəsiniz?
- İşimiz dayanmayıb. Daim axtarışdayıq. Bütün transferləri öz üzərimə götürmüşəm. Biz daim axtarırıq. Konkret adlar çəkə bilmərəm. Baxdığımız oyunçular var. Sizi, insanları rahatlaşdırmaq üçün deyilən söz deyil. İnanıram ki, nələrsə çıxacaq.
"Sabah"ın baş məşqçisi nəticəni ədalətli sayır. Siz necə hesab edirsiniz?
- Biz qaib gəlməyə daha çox layiq idik.