"Qarabağ" Zubirlə, Zubir də "Qarabağ"la vidalaşdı - RƏSMİ
"Qarabağ" kapitan Abdulla Zubirlə rəsmən vidalaşıb.
"Mediasport" xəbər verir ki, bu barədə Ağdam klubunun sosial media hesablarında paylaşım edilib.
Klub 2018-ci ildən "atlılar"ın formasını geyinən Mərakeş əsilli fransalıya göstərdiyi xidmətlərə görə təşəkkürünü çatdırıb.
Öz növbəsində Zubir də sosial şəbəkə hesabında "Qarabağ"la vida postu paylaşıb. O, bütün "Qarabağ" ailəsinə təşəkkürünü bildirib:
“8 ildən sonra mənim üçün yeni mərhələyə başlamağın vaxtıdır.
Bütün kluba, komanda yoldaşlarıma, məşqçilər heyətinə və xüsusilə mənim üzərimdə çox böyük rolu olan baş məşqçimə təşəkkür etmək istəyirəm.
Mənə göstərdiyi etimada və mənə öyrətdiyi hər şeyə görə ona təşəkkür edirəm.
Ən əsası, bütün azarkeşlərə və bütün ölkəyə mənə göstərdikləri inanılmaz sevgiyə görə təşəkkür edirəm. Dəstəyiniz, ehtirasınız və sevginiz bütün bu illər ərzində mənimlə olub”.
Xatırladaq ki, 34 yaşlı futbolçu 2018-ci ildən “Qarabağ”ın formasını geyinirdi.
O, Ağdam təmsilçisinin heyətində keçirdiyi 369 oyunda 79 qol vurub və 96 məhsuldar ötürmə edib.


