"Qarabağ"ın azarkeşləri mərkəzi stadionu yenə dolduracaqlar?

"Qarabağ"ın azarkeşləri mərkəzi stadionu yenə dolduracaqlar?

UEFA Avropa Liqasında təmsilçimiz "Qarabağ"ın iyulun 23-də 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda ÇSKA-ya (Bolqarıstan) qarşı keçirəcəyi matça bilet satışı davam edir.

"Mediasport" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya tamaşaçı marağı kifayət qədər yüksəkdir.

Ötən tur İslandiyanın "Vestri" klubu ilə görüşdə mərkəzi arenaya 23 mindən çox azarkeşin toplaşdığını xatırlasaq, daha güclü ÇSKA ilə matçda anşlaq yaşanacağı proqnozlaşdırılır.

Xatırladaq ki, bolqarlarla oyuna standart biletlərin qiymətləri 5, 10, 15 və 20 manatdır.

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək olar.

Onlayn bilet alışı zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, “Park Bulvar”dakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Klub həmçinin azarkeşlərə saxta biletlərə aldanmamağı tövsiyə edir. Stadiona giriş yalnız etibarlı QR kodlu biletlə mümkündür.

Qarşılaşma saat 20:00-da başlanacaq.