"Futbolçu 2 metrdən qol vura bilmirsə, onun əvəzinə mən vurmayacam ki" - ÇXADADZE

"Şamaxı"nı qələbə münasibətilə təbrik edirəm. Oyun haqda çox danışmaq istəmirəm. Qol epizodlarımız çox idi. Böyük üstünlüyümüz var idi. Amma imkanlardan yararlana bilmədik".
"Mediasport" xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Kaxaber Çxadadze deyib.
Gürcüstanlı mütəxəssis Azərbaycan Premyer Liqasının 7-ci turunun "Şamaxı" ilə ev oyunu haqda danışıb, 0:1 hesablı məğlubiyyəti şərh edib:
"Ehtiyat skamyamız güclü deyil. Komanda pis oynayır, səhvlər edirik, qapımızda qol görürük. Özümü heç günahlandıra bilmirəm. Komanda funksional və taktiki sarıdan hazırlıqlıdır. Futbolçu 2 metrdən qol vura bilmirsə, onun əvəzinə mən vurmayacam ki. Güclənməyimizə ehtiyac var. İkinci hissədə meydanda bir komanda var idi".
Yayda seleksiya işində səhvlərə yol vermisiniz?
- Seleksiya işində səhvlərə yol verdik. Daha da güclənməliyik. Bəzi futbolçular var ki, Premyer Liqa səviyyəsində deyillər, U-19 komandasına göndərəcəm. Bunu etiraf etməliyik. İkinci hissədə kimi meydana buraxaq... Allah qoysa, hər şey yaxşı olar, güclənərik və hər şey daha yaxşı olar. Böyük klublarda çıxış etmişəm, "Mançester Siti"də oynamışam. Oyundan sonra hər zaman futbolçuya dəstək olurdular. Sona qədər dəstək göstərirdilər. Biz də, onlar da öyrənməlidir. Azarkeş komandanın arxasında dayanmalıdır. Komandamız oyun göstərir. Buna görə də panikaya düşməli deyilik. Sadəcə, oyunun gedişində güclənə bilmirik. Ehtiyatda olanlar yerli gənclərdir.
Milli fasilə zamanı heyəti gücləndirəcəksiniz?
- İndiki vaxtda hansı futbolçunu tapmaq olar, əgər hansısa futbolçu komandasızdırsa, hansı durumda olacaq? Mövsüm mayda başa çatıb və hazırda oktyabrdır. Biz varlı klub deyilik. İstəyirik ki, bu dəqiqə güclənək. Amma dediyim kimi, o futbolçu hansı durumda olacaq... Səhvimizi etiraf edirik. Dekabrda güclənəcəyik. Bu da olmasa, çətin olacaq.