"Qrup mərhələsində ən yaxşı oyunumuzu keçirdik" - Borisov

“Qrup mərhələsində ən yaxşı oyunumuzu keçirdik. Statistikaya baxıram, rəqib qapımıza doğru 4 zərbə endirib və onlardan 3-ü qol olub".
"Mediasport" xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Vitali Borisov deyib.
Mütəxəssis AVRO-2026-nın əsas mərhələsində Yunanıstan millisinə səfər məğlubiyyətini şərh edib:
"Biz 26 zərbədən 2-ni tora qovuşdurduq. Rəqibi bütün göstəricilərdə üstələmişdik. Standart vəziyyətdən və “5-in 4-ə” mübarizə zamanı qollar buraxdıq.
Problem realizə ilə bağlı idi. Demək olar, sırf hücumçu mövqeyində oynayan futzalçımız yoxdur. Bunu edəcək futzalçı Kənan Manafovdur, o da zədəsini yeni sağladıb, fiziki baxımdan tam hazır deyil. Buna görə də Kənanı “5-in 4-də” oynayanda meydana buraxdıq. Bunu üzərinə götürəcək oyunçumuz yoxdur”.
Xatırladaq ki, yunanlara 2:3 hesabı ilə məğlub olan komanda qrupda 2 xalla 3-cü pillədə qərarlaşıb.
Millimizin son iki matçı gələn ay səfərdə İsveç və Bakıda Xorvatiya futzalçılarına qarşı olacaq.