Şəhidlərin xatirəsinə həsr olunmuş reytinq turniri keçirildi

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr, gənclər, U-21, böyüklər və parakarateçilər arasında reytinq xarakterli karate turniri keçirilib.
"Mediasport" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil edilən turnir Vətən müharibəsi şəhidləri - Cəsarət Səfərov və Şahmar Səfərovun əziz xatirəsinə həsr olunub.
Turnirdə ölkənin müxtəlif bölgələrindən 35 klubun 350-dən çox karateçisi iştirak edib.
Yarış yeniyetmələr, gənclər, U-21, böyüklər və parakarate kateqoriyaları üzrə təşkil olunub və Azərbaycan çempionatı və respublika birinciliyi üçün lisenziya xarakteri daşıyıb.
Azərbaycan Karate Federasiyası tərəfindən tətbiq olunan xüsusi reytinq sistemi çərçivəsində, üç ardıcıl reytinq turnirində ən yüksək bal toplamış idmançılar respublika birinciliyi və Azərbaycan çempionatında iştirak hüququ əldə edəcəklər.
Bu mexanizm milli yığmaya obyektiv və şəffaf seçim prosesini təmin edir.
Karate idman növünün inkişafına xüsusi töhfə vermiş və dəstək göstərmiş bir sıra şəxslərə Azərbaycan Karate Federasiyası tərəfindən fəxri diplomlar və təşəkkürnamələr təqdim olunub.