"Səhvlərimizin üzərində işləməliyik"

"Səhvlərimizin üzərində işləməliyik"

“İlk növbədə bizə yaradılan şəraitə görə AGF rəhbərliyinə, GİN və MOK-a təşəkkür edirik. Bir qızıl, bir gümüş və iki bürünc medalla komanda hesabında dünya ikincisi olduq. Qarşıda bizi növbəti yarışlar gözləyir".

"Mediasport" xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Aleksandr Tarakanov deyib.

Mütəxəssis yığmamızın Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş dünya çempionatında çıxışını dəyərləndirib:

"Səhvlərimizin üzərində işləməliyik. İki zədəli güləşçimiz bərpa prosesi keçdikdən sonra sıralarımıza qoşulacaq. Bizə dəstək olan və bizim üçün dua edən bütün güləşsevərlərə minnətdarıq”.

Xatırladaq ki, yığmanın tərkibində Ülvü Qənizadə (72 kiloqram) qızıl, Həsrət Cəfərov (67 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) bürünc medal qazanıblar.