Avropa çempionatı: Daha iki qadın güləşçimiz mübarizəyə qoşulur

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, üçüncü yarış günündə Azərbaycanın daha iki qadın güləşçisi mübarizəyə başlayacaq.
Jalə Əliyeva (57 kq) və Ruzanna Məmmədova (62 kq) xalça üzərinə çıxacaqlar.
Digər təmsilçimiz Alyona Kolesnik (59 kq) isə bürünc medal uğrunda qarşılaşmada Aurora Russo (İtaliya) - Mariana Çerdivara (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərimiz 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.
Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc mükafat əldə ediblər.
Milli komandamız Slovakiyaya 10 sərbəst, 4 qadın və 10 yunan-Roma güləşçisi ilə yollanmışdı.
Qitə birinciliyi aprelin 13-də başa çatacaq.