13 il əvvəl "Qarabağ"a 3 qol vurdu - İndi Bakıya məşqçi kimi gəlir
Yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq "Ayntraxt"ı "atlılar"la görüşə hazırlayan məşqçilərdən biri azərbaycanlı azarkeşlərə tanış simadır.
Elə ağdamlılar da Almaniya klubunu Bakıda meydana çıxaracaq şəxslərdən Aleksandr Meyeri, yəqin, unutmayıblar.
2004-2018-ci illərdə Frankfurt klubunun heyətində 300-dən çox oyun keçirmiş veteran futbolçu Qurban Qurbanovun komandasına qarşı iki dəfə forma geyinib, qollarla yadda qalıb.
Hazırda almanların U-19 komandasında məşqçi işləyən sabiq hücumçu 2013/2014-cü illər mövsümündə UEFA Avropa Liqasının pley-off mərhələsində təmsilçimizə qarşı hər iki dueldə meydana çıxıb və adını tabloya yazdırıb.
Bakıdakı görüşdə dubl (2:0) etmiş keçmiş forvard Frankfurtda reallaşmış cavab oyununda (2:1) bir qol vurub.
Xatırladaq ki, Meyer və Dennis Şmidtə bir neçə gün əvvəl istefaya göndərilmiş Dino Topmöllerin baş məşqçi vəzifələrini müvəqqəti icra etmək tapşırılıb.
Mediasport.com.az
