Avropa çempionu: "Çempionluğu şəhidlərə və qazilərə həsr edirəm"
"Gürcüstan, Türkiyə, Rusiya və Ukrayna güləşçisinə qalib gələrək çempion oldum. Üz-üzə gəldiyim rəqiblər arasında ən güclüsü rus idmançı idi".
"Mediasport" xəbər verir ki, bu sözləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatının qalibi Hüseyn Rzazadə (48 kq) deyib.
O, dünya çempionatından söz açaraq uğurlu nəticəni həmin turnirdə də təkrarlamaq istədiyini söyləyib:
"Qələbəmdə əməyi olan məşqçilərə - Röyal Ağamalıyev, Ceyhun Ağamalıyev, Xəyal Ağamalıyevə, eləcə də Ramal Qəniyevə və Fərid İsmayılova dərin təşəkkürümü bildirirəm. Həmçinin yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzova, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevə minnətdaram.
Bu yolda dəstəyini, dualarını məndən əsirgəməyən valideynlərimə və hər zaman yanımda olan yaxınlarıma təşəkkür edirəm.
Çempionluğu şəhidlərimizə və qazilərimizə həsr edirəm. Qarşıda bizi böyük sınaq - dünya çempionatı gözləyir.
İnşallah, Avropada qazandığım nəticəni Bakıda keçiriləcək düya çempionatında da təkrarlamağa çalışacağam".
Turnirin digər qızıl medalçısı Nihad Süleymanlı (80 kq) da yarışla bağlı təəssüratlarını bölüşüb və zədələndiyini bildirib:
"İlk qarşılaşmam gürcüstanlı rəqiblə oldu və görüş kifayət qədər ağır keçdi. Hətta yüngül zədələr də aldım. Buna baxmayaraq ruhdan düşmədim.
Hədəfim çempion olmaq idi və bu məqsədlə irəliləməyə davam etdim. Daha sonra almaniyalı və macarıstanlı güləşçiyə qalib gələrək yarımfinala yüksəldim.
Yarımfinalda rusiyalı idmançı ilə üz-üzə gəldim və şükürlər olsun ki, həmin görüşdə də qalib gəldim.
Finalda isə qardaş ölkədən Emirhan Çayırı məğlub edərək çempion oldum".
Süleymanlı da Bakıda baş tutacaq dünya çempionatının qalibi olmaq istədiyini vurğulayıb:
"Həlledici görüşə çıxmazdan əvvəl həyəcanlanmayacağımı düşünürdüm. Amma heç də təsəvvür etdiyim kimi olmadı.
Çempionluğun taleyini müəyyənləşdirən bu görüşün həyəcanından yan keçə bilmədim. Buna baxmayaraq, sonadək mübarizə apardım və 10:0 hesablı qələbə ilə Samokov arenasında bayrağımızı dalğalandırdım.
Qələbəmi ölkəmizə həsr edirəm. Üzərimdə böyük əməyi, zəhməti olan şəxsi məşqçilərim Əlisa Abbasov və Hüseyn Nəsirova, həmçinin millinin məşqçilərinə dərin minnətdarlığımı bildirirəm.
Qarşıda Bakıda keçiriləcək U17 dünya çempionatı gəlir. Daha da yaxşı hazırlaşıb, Vətəndə çempion olmaq üçün əlimdən gələni edəcəyəm.
Düşünürəm ki, əsas rəqiblər İran və ABŞ təmsilçiləri olacaq. Komanda olaraq çox yaxşı hazırlaşacağıq".
U-17 yaş qrupunda debütünü çempion olaraq qeyd edən İbrahim Həsənov (51 kq) isə açıqlamasında yarışın çox yaxşı keçdiyini dilə gətirib:
"Üstümdə böyük əməyi olan şəxsi məşqçim Rauf Xəlilova və ailəmə dərin minnətdarlığımı bildirirəm.
Milli komandanın məşqçilərinə təşəkkür edirəm. İnşallah, eyni nəticəni Bakıda keçiriləcək dünya çempionatında təkrarlamağa çalışacağam.
Dünya çempionatında əsas rəqibim amerikalı güləşçi olacaq".
Xatırladaq ki, sərbəst güləş üzrə millimiz Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında ümumilikdə 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.


