Bakıda dünya çempionatında 24 ölkədən 200 idmançı yarışacaq
Avqustun 22-23-də Bakı İdman Sarayında təşkil olunacaq qazax güləşi üzrə dünya çempionatına həsr edilən mətbuat konfransı keçirilib.
"Mediasport" xəbər verir ki, yarışda 24 ölkədən ümumilikdə 200-ə yaxın idmançı mübarizə aparacaq.
Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Milli İdman Növləri Assosiasiyasının (AMİNA) prezidenti Kazım Qurbanov çəlumat verib.
O, turnirdə 24 ölkənin iştirak edəcəyini bildirib:
"Əlimizdən gələni edib, dünya çempionatını yaxşı səviyyədə təşkil etmək istəyirik. Qazax güləşi bu turnirdə ölkələr arasında dostluq əlaqələrini də genişləndirəcək".
Xatırladaq ki, Azərbaycan yarışda 8 qız və 8 oğlan olmaqla, ümumilikdə 16 güləşçi ilə təmsil olunacaq.
Kişilərin mübarizəsində Elşən Dünyamalıyev (55 kiloqram), Eyvaz Baxşıyev (60 kiloqram), Mirfəttah Seyidəliyev (65 kiloqram), Elvin Bağırov ( 74 kiloqram), Adil Adilzadə (90 kiloqram), Tuncay Şamil (100 kiloqram) və Məmməd Məmmədzadə ( +100 kiloqram), qadınlar arasında isə Mələkxanım Məmmədova (48 kiloqram), Aynur Əfəndiyeva ( 52 kiloqram), Fidan Hüseynova (56 kiloqram), Leyla Atayeva (60 kiloqram), Məryəm Mehdiyeva (65 kiloqram), Günel Həsənli (70 kiloqram), Diana Şoranova (77 kiloqram) və Nigar Süleymanova (+77 kiloqram) çıxış edəcəklər.


