"Çempion olmaq istəyiriksə, çempionluğa layiq oynamalıyıq"

"Çempion olmaq istəyiriksə, çempionluğa layiq oynamalıyıq"

"Mediasport" "Neftçi"ın baş məşqçisi Yuri Vernidubun Azərbaycan Premyer Liqasının 7-ci turunun "Sabah" ilə matçından (0:0) sonra mətbuat konfransında jurnalistlərin suallarına verdiyi cavabları təqdim edir.


Qol epizodlarınızı vura bilməməyiniz nə ilə bağlıdır, şanssızlıq, yoxsa texniki boşluqlar var?

- Həm "Neftçi"nin, həm də "Sabah"ın performansı çox xoşuma gəldi. Biz bilirdik, kimlə oynayırıq. Çempion komandaya, ÇL-də oynayan komandaya qarşı oynayırdıq. "Sabah" "Mançester Yunayted"ə 0:4 uduzsa da, yaxşı futbol nümayiş etdirdi. Komanda əzmkar oyun göstərirdi. Bu gün də bərabər səviyyəli oyunun şahidi olduq. Biz epizodlardan istifadə edə bilmədik. Səhv etmirəmsə, "Sabah" 6 matçda cəmi 1 qol buraxıb. Bu da onu göstərir ki, onların çox yaxşı müdafiəsi var. Futbolçularıma minnətdaram ki, intensivliyi qorudular. Mübarizələri uduzmurdular. Əlbəttə, təəssüf ki, qol olmadı, bircə bu xoşumuza gəlmədi. Futboldur, nəzərə alın ki, çempionla oynayırıq. Bu xal da bizi qane edir ki, irəliyə doğru davam edək. Həm də nəzərə alaq ki, bizdə də, onlarda da milliyə gedənlər olmuşdu. Bizdən 8 oyunçu milliyə getmişdi, onlardan 10 futbolçu. Denzel Jubitana dünən gəlmişdi, Sessi Almeyda qoşula bilmədi.

Sizcə, bu gün bir xal itirdiniz, yoxsa iki xal qazandınız?

- Mən baş məşqçiyəm və baş məşqçi üçün iki xal itirmək deməkdir. Çünki həmişə üç xal istəyirəm. Düşünürəm ki, həmkarım Dambrauskas eyni fikirdədir ki, iki xal itirib. Rəqib hansı komanda olsa da, belədir. Baş məşqçi fərqli düşünsə, komanda da ona uyğun oyun sərgiləyəcək.

Emil Səfərova qarşı kobudluq zamanı rəqib futbolçuya sarı vərəqə verilməsini necə qiymətəndirirsiniz?

- Hakimliyi şərh etmək istəmirəm. Oyun zamanı emosional adamam. Bəzən qışqıra bilərəm oyun ərzində. Amma dərhal sakitləşirəm. Hakimləri qiymətləndirmək üçün başqa şəxslər var. Normal oyun oldu, həm bizə, həm də digər komandaya normal münasibət sərgilədi. "Cinayət" olan bir şey görmədim.

Növbəti oyunlar "Qarabağ" və "Turan Tovuz"a qarşıdır. Bu matçlarda neçə xal sizi qane edəcək?

- Bir daha təkrar edirəm, hər zaman qalib gəlmək istəyirəm. Fərq etməz, evdə oynayırıq, yoxsa səfərdə. Çempion olmaq istəyiriksə, çempionluğa layiq oynamalıyıq.

Klisman ikinci hissənin əvvəlində artıq zədələnmişdi. Olmazdı ki, son 15-20 dəqiqə müdafiə və hücumu birləşdirmək üçün Emin Mahmudovu meydana buraxasınız?

- Oyundan öncə götür-qoy edirik ki, kim-kimi əvəzləyəcək. Öncədən qərar veririk. Emil Səfərov meydana daxil oldu, intensivliyi saxlamaq lazımdır. Gənc futbolçudur, intensiliyi saxlamağa çalışdı. Bu gün belə düşündük. Qarşıdakı matçda fərqli ola bilər. Bütün futbolçular oynamaq istəyir, hamını isə meydana buraxa bilmərəm. Bu gün dörd oyunçunu dəyişdik. Qustavo meydandan çıxanda gecikməyə görə bir dəqiqə fasilə verildi. Orada tam başa düşmədim ki, bu əvəzetmədən sonra bizim bir oyunçu dəyişmək haqqımız qalır, yoxsa iki? Hakim matçdan sonra dedi ki, 2 oyunçunu əvəzləyə bilərdiniz. Açığı, istəmədim ki, sonradan desinlər hansısa qayda pozuntusuna yol verdilər. Ona görə də 4 oyunçunu əvəzləyə bildik.