Ölkə çempionu olan "Neftçi"yə kubok və medallar təqdim edildi

 Ölkə çempionu olan "Neftçi"yə kubok və medallar təqdim edildi

AFFA Yüksək Qızlar Liqasında 2024/2025-ci illər mövsümünə yekun vurulub.

"Mediasport" xəbər verir ki, mövsümün son oyununda “Neftçi” “Sumqayıt”ı 4:0 hesabı ilə məğlub edib.

Beləliklə, “Neftçi” çempionatda birinci, Zaqatala təmsilçisi “Dirçəliş” ikinci, “Sumqayıt” isə üçüncü yeri tutub.

Matçdan sonra Neftçi Futbol Mərkəzində mükafatlandırma mərasimi keçirilib. “Dirçəliş” və “Sumqayıt” müvafiq olaraq gümüş və bürünc medallarla, “Neftçi” isə qızıl medal və kubokla təltif olunub.

Həmçinin, fərdi mükafatçılar da müəyyənləşib. “Neftçi”nin futbolçusu Coşqunə Əliyeva 31 qolla mövsümün ən məhsuldar oyunçusu olub.

Paytaxt klubunun digər üzvü Ayşən Salamzadə mövsümün ən yaxşı oyunçusu, “Dirçəliş”dən Aytac Feyzullayeva ən yaxşı qapıçısı seçilib.

Mükafatlandırma mərasimində AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, 19 yaşadək qadınlardan ibarət millinin baş məşqçisi Həbib Ağayev, 17 yaşadək qadınlardan ibarət millinin baş məşqçisi Nərgiz Qurbanova və “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer iştirak ediblər.