Azərbaycan milli komandası beynəlxalq turnirin qalibi oldu

Mayın 21-də Bakıda start götürəcək minifutbol üzrə dünya çempionatına hazırlaşan Azərbaycan milli komandası Monteneqronun Herseq Novi şəhərində təşkil olunan beynəlxalq turnirin qalibi olub.
"Mediasport" xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Bosniya və Herseqovina, Türkiyə, Monteneqro və Qazaxıstan yığmalarının mübarizə apardığı yarışda baş mükafata sahib çıxıb.
Millimizin heyətində Təmkin Xəlilzadə turnirin ən yaxşı oyunçusu seçilib.
Komandamız daha bir beynəlxalq turnirdə iştirak etmək üçün Slovakiyanın Koşitse şəhərinə yollanıb.
Aprelin 30-da start götürəcək yarışda milli ilə yanaşı Slovakiya, Ukrayna, Belçika, Polşa və Macarıstan seçmələri də mübarizə aparacaq.
Turnirə mayın 1-də yekun vurulacaq.