"Əminik ki, "Baku-2025" də yüksək səviyyədə olacaq" - Fərid Qayıbov

"Ölkə başçısı cənab İlham Əliyev bizi daim dəstəkləyir. Müxtəlif idman növlərinin təmsil olunduğu tədbirləri təşkil edirik".
"Mediasport" xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.
Nazir mayda Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirak edib.
O, turnirin ən yüksək səviyyədə keçiriləcəyinə inandığını diqqətə çatdırıb:
"Avropa çempionatları, dünya çempionatları Azərbaycanda keçirilir və mən fürəstdən istifadə edərək, ölkə başçımıza dəstəyə görə təşəkkürümü bildirirəm.
Dünya Minifutbol Federasiyasının prezidenti Filip Yudaya da təşəkkür edirəm, bizim dostumuzdur. Ölkəmizdə bir neçə dəfə olub. Bizə etimad göstərdiyinizə görə minnətdarıq.
Biz bir neçə dəfə yüksək səviyyəli tədbirləri təşkil etmişik. Orxan Məmmədova da təşəkkür edirəm. Əminik ki, "Baku-2025" də yüksək səviyyədə olacaq. Bundan qabaqkı turnirlər də çox yaxşı səviyyədə keçirilib. Hamınıza uğurlar arzulayıram".
Qeyd edək ki, mayın 21-dən iyunun 1-dək təşkil ediləcək mundialda yığmamızın rəqibləri A qrupunda Mavritaniya, Sloveniya və Bəhreyn milliləri olacaqlar.