Rəşad Sadıqovun peşəkarlıqla etdiyi qeyri-səmimilik - Bəs nə VAR?
Azərbaycan futbolunda qalmaqallar səngimək bilmir. Hər ötən tur əvvəlkində baş verən hoqqabazlıqları unutdurur.
Azərbaycan futbolu bərbad vəziyyətdədir, jurnalistika bərbad vəziyyətdədir, azarkeşlik bərbad vəziyyətdədir...
Amma Məşədi Kazımın goruna and olsun, Azərbaycanda futbol hakimliyi quyunun lap dibindədir.
Bütün dünyada hakimlərin üçüncü "göz"ünə çevrilən VAR sisteminin tətbiqinə rəğmən, bu qədər narazılıq, problem, qalmaqal VARsa, deməli, həqiqətən Azərbaycan hakimliyi sonu görünməyən qaranlığa qərq edilib.
Əfsanəvi Tofiq Bəhramov, Eldar Əzimzadə irsinin rüsvayçı davamçıları, təəssüf ki, ayrı-ayrı şəxslərin maraqlarına həyasızcasına, göz görə "xidmət etməklə" sahəyə nifrəti zirvəyə çatdırıblar.
Əliyar Ağayev, İnqilab Məmmədov, Kamal Umudlu, Kamranbəy Rəhimov və s. kimi "qara paltarlılar" ədalətdən başqa nəyə desən, xidmət edirlər.
Kamal Umudlu zatən güclü istedadlı, perspektivli hakim kimi özünü təsdiqləməyib, kimlərsə onu irəli çəkir, bu da naməlumdur. Həmçinin Kamranbəy Rəhimov.
Amma Əliyar və İnqilab kimi hakimlər...Ağayev son 20 ildə Azərbaycanda yetişmiş ən istedadlı, perspektivli hakim idi. Bəli, idi.
Kimlərinsə xidmətinə alət oldunsa, vay halına. Yoxsa elə səhvlər buraxmaq mümkünsüzdür. Xüsusən UEFA Çmepionlar Liqasının əsas mərhələsinə qədər yüksəlmiş bir FİFA referisi üçün.
İnqilab Məmmədov isə 100 ildir futzal üzrə FİFA referisidir. Ancaq ölkə daxilində idarə etdiyi oyunlarda buraxmadığı "səhv" qalmayıb. Hər formada rüsvayçılıqlarda "rol alıb".
Faktları sadalasam, səhərə qədər yaza bilərəm.
HAŞİYƏ: İndiki kimi yadımdadır, 2012-ci ildə "Dalğa Arena"da "Neftçi" ilə "Bakı" arasında keçirilən Azərbaycan Kubokunun final oyunundan sonra baş hakim Əliyar Ağayevə demişdim ki, tapşırıqla işləməsən, möhtəşəm hakim olacaqsan. Onda Əliyar hakimlik sferasında daha uzun yola çıxmaq üçün ideal - 25 yaşında idi. Bu gün 39 yaşı var! Çox uzun yol keçib, ölkə daxilində-xaricində yaxşı idarəçilikləri də çoxdur. Amma xüsusən son 5-6 ildə ədalətdən çox uzaqdır.
Xülasə, yazıya qoyulmuş şəkil yəqin sizə tanış gəlir. Premyer Liqada bir neçə tur əvvəl keçirilmiş "Şamaxı" - "Neftçi" oyunundan sonra "ağ-qaralar"ın sosial şəbəkə hesablarında etdiyi paylaşımdakı fotodur.
ƏSAS FAKT-1: Baş hakim Kamranbəy Rəhimovun şübhəli penalti qərarından sonra "Neftçi"nin qələbəsinin 90+8-ci dəqiqədə əlindən alındığı matçdır - 2:2.
ƏSAS FAKT-2: "Neftçi" mövsümün əvvəlində "Zirə" ilə oyunun 90-dan sonrakı dəqiqələrində qələbədən məhrum edilmişdi. Kamal Umudlunun gözəgörünməz, olmayan penalti qərarı sayəsində - 2:2.
ƏSAS FAKT-3: Və yenə "Zirə" ilə görüş. Bu dəfə də 90-dan sonrakı dəqiqələr...və bu dəfə "baş rol"da İnqilab Məmmədov - 1:1.
90+4-cü dəqiqədə Ruan Renatonun hətta passiv ofsaydda olsa belə, qapıçı Kenan Piriçin görmə bucağını məhdudlaşdırdığını və buna görə qolun qeydə alınmasının qaydalara zidd olduğunu cümlə-aləm gördü, İnqilab Məmmədovdan savayı.
Təkcə saydığım bu üç oyuna görə "Neftçi"nin əlindən alınan 6 xalı indiki xalının üstünə gəlsək, komanda medallar uğrunda mübarizə aparırdı...
Amma necə deyərlər, sən saydığını say, gör hakimlər nə sayırlar...
Ən maraqlı məqamlardan biri də odur ki, hakimlərin belə hoqqabazlqıları, biabırçılıqları ilə sanki kimlərsə qəsdən AFFA-nı hədəf alıblar.
Burada xüsusən "Sabah" və rəhbərliyinin adı hallandırılır.
Federasiyanı manipulyasiya etdirərək dirçəlmək çabasında olanlara, ölkədə futbolun inkişafına cəhd göstərənlərə badalaq vurmaq, vurdurmaq, açığı, çox bic gedişdir. Kim və ya kimlər düşünübsə, çox diplomat adamlardır.
Amma AFFA da günahsız deyil, misal, Rəhim Həsənovun nə böyük hakimlik karyerası, sahədə hansı uğurlu işi olub ki, onun Hakimlər Komitəsinə rəhbər gətirilməsinə OK verildi?
P.S. Dünən məni oyundan sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun açıqlamaları da təəccübləndirdi. Qol epizoduna tam baxmadığını, bəlkə də ofsaydın olduğunu dilə gətirməklə tam, özü də peşəkar qeyri-səmimiliyini nümayiş etdirdi.
Yoldaş "terminator", sən 5-6 il əvvəl al-qanın içində, başı sarğılı, gözünün üstü yarıbağlı 90 dəqiqə futbol oynayan kapitan olmusan. Yəni o qədər qocaldın ki, dünyanın gözü qarşısında olan epizodu görmədin?
Yoxsa ötən illərdə sənə və komandana durmadan badalaq vuran, gecə-gündüz narazılıq-tənqid etdiyin hakimlərlə indi əqidədaş olmusan deyə artıq doğrunu danışmaq işinə gəlmir?..
Elvin ƏHƏD
