Bundan da aşağısı yerin dibidir...
Dünəndən fikirləşirəm, dedim, bir az sakitləşim, özümə gəlim. İsti-isti nəsə yazsam, bütün etik çərçivələri aşaram.
Qismən sakitləşdim, amma indiki halda Azərbaycan futbolunun düşdüyü vəziyyəti ifadə edən normal, qeyri-etik olmayan sözlər, cümlələr tapmaq çox çətindir.
Mahir Emreli oyundan sonra dedi ki, illər keçəcək, bu oyun bir ayıbımız kimi yadda qalacaq...
Bəli, bu, hələ hisslərin cilovlanaraq mədəni həddi aşmadan ifadə olunan ən sadə formasıdır və etiraf edən yığma komandanın əsas futbolçusudur.
Bizim və azarkeşlərin isə hansı hissləri keçirdiyimizi, nələri necə demək istədiyimizi yəqin hamınız çox rahatlıqla təxmin edə bilirsiz.
Dünyanın ən sonuncu - yarımpeşəkar futbol komandası ilə məğlubiyyətə bərabər heç-heçədən sonra əminliklə demək olar ki, dünyanın ən sonuncusu elə bizim yığmadı, Lixtenşteyn yox!
Bundan da aşağısı yerin dibidi - sizi ora necə soxaq biz?
Hirsli başda ağıl olmaz deyiblər. Vallah, ayıq başla da düşünəndə AFFA-da ən yuxarıda dayanandan ən aşağıya qədər - hamısını söyüb biabır eləmək keçir adamın içindən. Rəzillər!
Bundan da aşağısı yerin alt qatıdı - bir zəhmət, girin də yerin altına. Utanın da!
Çox yaxşı bilirsiz, dünəndən Azərbaycan dilinin leksikasında olan-olmayan, elmə naməlum ən yeni, ən ağır söyüşlər ünvanınıza səpələnir.
Vicdanınız, ləyaqətiniz olsun - boşaldın o "boz bina"nı. Bildiyiniz işlə məşğul olun!
Rövnəq Abdullayevlə Elxan Məmmədovun xaraba qoyduğu Azərbaycan futbolunun ağlayacaq anası da qalmayıb. Varını-yoxunu dağıtmısızınız, rədd olun!
Elvin ƏHƏD

