"Bunun izahını və cavabını tapa bilmirik" - Samir Abasov

"Bunun izahını və cavabını tapa bilmirik" - Samir Abasov

"Bu vaxta kimi bir epizod vermədən qol vura bilməyib itirdiyimiz xallar həqiqətən üzücüdür. Bu gün daha çox üzücüdür. Son oyunlara baxsaq, bu qədər templi, dinamik oyun görməmişdim".

"Mediasport" xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 6-cı turunun "Karvan-Yevlax"la oyunu haqda danışıb, 0:0 hesabını şərh edib:

"Futbolçulardan çox razıyam. Xal itirsək də, belədir. Üzücüdür, biz daha çox üzülürük. Futbolun maraqlı tərəfi odur ki, bu qədər epizod yaradırsan, ancaq qol vura bilmirsən.

Müdafiəyə oturmuş rəqibə qarşı oynadıq. Dərsliklərdə nə tələb olunursa, hər şeyi etdik. Uzaqdan zərbələr, cinahlardan hücum... Arxaya oturmuş komandaya qarşı etməli olacağımız hər şeyi etdik. Bəxtsizlik... O qədər üzülürüksə, bunun izahını və cavabını tapa bilmirik.

Bundan sonra da belə oynamalıyıq. Qollar gələcək. Son oyundan sonra ümidliydik ki, tilsim qırılır. O qədər epizodlara girdik. Digər oyunlara baxırıq, kornerdən ötürmə verilir, qol olur. İzahı olmayan mətbuat konfransıdır. Söz tapa bilmirəm".

İmad Fərəc sanki köhnədən zədə alıb və çox mübarizəyə girmir. Aqressivliyi çatmır...

- Zədəsi var idi, amma səbəb bu deyil. Fərəci tanıyırıq, məşqlərdə xarakterli, aqressiv idi. "Foul" etməmək qorxusu var idi. Çünki hər belə hərəkət bizə tərəf olan cərimə zərbəsi ilə yekunlaşırdı. Oyunçularımız da bunu başa düşürdü. Bəlkə ona görə kontakta girmirdilər. Düşünmürəm ki, zədə problemi var.

Bitirici hücumçunuz yoxdur. Bunu hiss edirsiniz?

- Komanda ətrafında forvard məsələsi çox danışılır. Bütün vingerlərimiz, digər oyunçularımızın girdiyi epizodlar forvardın olmaması məsələsini kölgəyə salardı. Müdafiəçilərimiz də qol epizodları yaradır. Təbii ki, bu problemin olduğunu bilirik. Buna baxmayaraq, Bassala Sambuya və Ağadadaş Salyanskiyə ümidimiz çoxdur. Komanda şəklində qollar vursaq, bu söhbətlər bitər.

Bir neçə turdur ki, "Neftçi"yə qarşı kobud hakim səhvlər var idi. Klubun hər etirazından sonra sanki daha da çoxalır və hakimlərdə sizə qarşı antipatiya yaranır. Bu haqda fikriniz necədir?

- Bu oyunun içindəyəm. Çox üzülmüşəm. Nə cavab verəcəyimi bilmirəm. Hakimliklə bağlı 3-4 turdur danışıram.

Vensan Abubakar mövzusu nə dərəcədə realdır?

- Onun hansı səviyyədə oyunçu olduğunu bilirsiz. Söhbətlər getmədiyini deyə bilmərəm. Hətta 1-2 forvard da var ki, onlarla danışıqlar gedir. Ümid edirik ki, söhbətlərin sonluğu yaxşı bitər. Nə deyim? Amma futbolçu bura gəlib müqavilə imzalamayıb, yeni komandasının formasında fotosu yayılmayıbsa, nəsə demək tezdir.

Bu gün çox sakit görünürdünüz. Özünüzü hazırlamışdınız?

- Komandanın özü səbəb yaratmırdı ki, nəsə emosiya göstərim, hər şey qaydasında gedirdi. Futbolçular yaxşı futbol oynayırdı. Çılğınlığım nə dəyişə bilərdi? Sakitçiliyin səbəbi bu idi. Referi nəinki oyunu, məni də susdurdu. Oyunu bu qədər saxladı. 

Metyu İfeanyi transferi açıqlandı. 7 aydır ki, oyanmır. Nə vaxt hazır olacaq?

- Bunu bilirdik. Onun son klubu "Sürix"dir. O, fərdi məşqlər edib. Komanda şəklində məşqlərdən uzaq olduğu üçün ritmdən çıxır. Dəqiq gün deyə bilmərəm. Kimisə 5 günə, kimisə 10 gün formaya düşə bilər. İnanırıq ki, milli fasilələr zamanı onu hazır duruma gətirmək imkanımız olacaq. 

Yayda transfer edilən futbolçular arasında narazı qaldığınız, gözləntiləri qarşılamayan oyunçular var? Məsələn, Varqas, Kurçi...

- Varqası tərifləyirəmsə, çoxları da tərifləyir. Ondan istədiklərimizi edir. Biz bu gün Varqasdan danışırqsa, deməli ona və digər oyunçulara da vaxt lazımdır. Əsla və əsla heç bir futbolçudan narazılığımız yoxdur. Onları anlayırıq. Daha yaxşı işlər görmək potensialları var.