Abşeron OİK-də kəmər dərəcələri üzrə rəsmi imtahan keçirildi
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib.
Azərbaycan Cüdo Federasiyasından "Mediasport"a verilən məlumata görə, prosesə ümumilikdə 302 cüdoçu qatılıb.
İştirakçılar yaş uyğunluğu nəzərə alınmaqla ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə texniki bilik və bacarıqlarını nümayiş etdiriblər.
Müəyyən olunmuş tələbləri yerinə yetirən idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub.
Kəmər imtahanları cüdoçuların texniki hazırlığının mərhələli və sistemli şəkildə inkişafına, öyrəndiklərinin möhkəmləndirilməsinə və motivasiyanın artırılmasına xidmət edir.
Müvafiq dərəcəyə sahib olmaq eyni zamanda bir sıra nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biridir.






