"Ardıcıl oyunlardan sonra belə nəticəni hardasa gözləyirdim"
"Aprel döyüşlərində şəhid olan oğullarımıza Allahdan rəhmət diləyirəm. Allah ailələrinə səbir versin".
"Mediasport" xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.
Mütəxəssis Premyer Liqanın 26-cı turunun "Qəbələ" ilə oyunu haqda danışıb. O, 0:2 hesablı məğlubiyyəti şərh edib:
"Ardıcıl oyunlardan sonra belə nəticəni hardasa gözləyirdim. Yəni nə vaxtsa uduzacağımızı gözləyirdim.
Çox yaxşı 4 turdan sonra bir səhvimizin olacağını ehtimal edirdim. Hiss olunurdu ki, meydançada "Qəbələ" qələbəni bizdən daha çox istəyir.
İkinci hissədəki xırda səhvlərimiz qapımızda qolla nəticələndi. Rəqibimizi təbrik edirəm. Çempionat davam edir. Qarşıya baxacağıq".
Demək olar ki, "Kəpəz"in futbolçuları özlərindən daha güclü komandalara qarşı daha yaxşı oynayırlar, turnir cədvəlində özünə yaxın komandalarla matçlarda problem yaşayırlar. Ola bilər ki, oyuna köklənməkdə problem var?
- Belə halların olması normaldır. 4-5 turdan sonra bir zəif oyunun olmalıdır. Qismətdən bu günə düşdü. Biz ən az legioneri olan komandayıq. Düşən epizodlardan yararlana bilmiriksə, çətinlik çəkirik. Uğurlu nəticələr qazandığımız oyunlara baxsanız, onda epizodları vura bilmişdik. Bu gün adi 3 epizodda qol vura bilmədik. Bu da məğlubiyyətə gətirib çıxarır. Futbolçulara deyirəm ki, rəqibin kimliyindən asılı olmayaraq, meydançada maksimum konsentrasiya olmalıdır.
Milli fasilə zamanı ən çox müzakirə edilən futbolçu Yusif İmanov idi. Onun psixoloji durumu necədir?
- Xeyr, heç bir ruh düşkünlüyü yoxdur. Özü ilə də söhbətimiz olub. Futbolçu kimi nə vaxt hazır olacaq, millinin məqçiləri ona dəvət göndərəcək. Bu gün hazır deyil ki, millidə yer almayıb. Hamının fikrinə hörmətlə yanaşmalıyıq. Futbolda Yusif mənim üçün güclü ola bilər, amma məsələn, Elsevər üçün zəif ola bilər. Futbolda zövq məsələsi var da, hərənin öz baxış nöqtəsi olur. Yusif İmanov bunu başa düşür, daha yaxşı hazırlaşıb və zamanı gələndə milliyə düşər.
Ayxan Abbasov Yusif İmanovu milliyə dəvət etməməsini mətbuat konfransı zamanı qəribə şəkildə, sualla izah etmişdi...
- Şəxsən mənim heç bir problemim yoxdur. Ayxan müəllimin futbolu, beynində olan düşüncəsi, ona uyğun qapıçı seçməsi normal bir şeydir. Hətta biz görmüşük ki, öz klubunda oynamayan millidə daha yaxşı oynayıb. Normaldır. Hər məşqçinin futbola baxışı var. Ayxan müəllimin fikirlərinə və düşüncələrinə, futbola baxışına hörmətlə yanaşıram. Mən necə olardım? Başqa məsələdir.
Rəhbərliklə yeni müqavilə haqda danışmısınız?
- Xeyr, yeni müqavilə imzalamamışıq. Amma bəzi söhbətlərimiz olub. Bəzi məqamlara toxunmuşuq. Maliyyə tərəfləri tam bilinəndən sonra...Yəni büdcəmiz nə qədər olacaq və s. - ondan sonra rəhbərliklə birlikdə danışacağıq. Bizim planımız var və ona uyğun da işimizə davam edirik.
