Azərbaycan cüdoçuları lisenziya xalı verən turnirdə yarışacaqlar
Azərbaycanın cüdo millisi noyabrın 13-dən 15-dək Xorvatiyanın paytaxtı Zaqrebdə Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına reytinq xalları verən Qran-pri turnirinə qatılacaq.
"Mediasport" xəbər verir ki, Azərbaycan yarışda 9 çəki dərəcəsində 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunacaq.
Kişilər arasında Murad Muradlı (60 kq), Turan Bayramov, Nizami İmranov (hər ikisi 66 kq), Nəriman Mirzəyev, Rüfət Şövlətov (hər ikisi 73), Vüqar Talıbov (90 kq), Əjdər Bağırov (100 kq), Uşangi Kokauri, Kənan Nəsibov (hər ikisi +100 kq), qadınların mübarizəsində isə Gültac Məmmədəliyeva (52 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisinova (+78 kq) qüvvələrini sınayacaqlar.
Kişilərdən ibarət milli komandaya böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik, qadınlardan ibarət yığmaya baş məşqçi Amina Abdellatif rəhbərlik edəcəklər.
Dünya Cüdo Turuna daxil olan Zaqreb Qran-prisində 70 ölkədən 515 idmançı (314 kişi, 201 qadın) mübarizə aparacaq.

