Ehtiram Quliyev Kurban Berdiyevi qəsdən hədəfə qoydurub?

Ehtiram Quliyev Kurban Berdiyevi qəsdən hədəfə qoydurub?

Mövsümə qeyri-sabit başlayan “Turan Tovuz”da daxili narazılıq genişlənməkdədir.

Tovuz camiəsinin komandanın oyunundan aşkar narazılığı Müşahidə Şurasının sədri Ehtiram Quliyevi daha radikal addımlar qarşısında məcbur buraxıb.

Klub rəhbəri haqlı tənqidləri sakitləşdirmək üçün çıxış yolunu baş məşqçi Kurban Berdiyevlə yolları ayırmaqda görür.

Klub daxilində çalışdırıcının əleyhinə olanlar da kifayət qədərdir. Ehtiram Quliyev və yan-yörəsi istisna.

Məlumata görə, Quliyev tatarıstanlı mütəxəsəssilə ilkin təkbətək görüş keçirib, vəziyyətdən bu formada çıxmağa məcbur olduğunu bildirib.

Quliyev yaxın dostluq münasibətində olduğu Berdiyevə narazılıqların çox və əsaslı olduğunu çatdıraraq, etirazçıların sayının gündən-günə də artdığını və klubun əleyhinə qalxdığını vurğulayıb.

Boss baş məşqçidən "Sumqayıt"la dueldə birmənalı şəkildə yaxşı oyun və qələbə istəyib. Əks halda "Baba" ilə yollar ayrılacaq.

"Huner Group"un sahibi məşqçiyə jest kimi klubun akademiyasında qalmaq variantını təklif edib. O bu yolla özünə yönələn tənqidləri də azaltmağı düşünür. Bəzi saytlarda Kurban Berdiyevin hədəfə qoyulması da bu qəbildəndir.

Böyük ölçüdə son qərar "Sumqayıt"la görüşün nəticəsinə əsasən veriləcək.

Xatırladaq ki, kifayət qədər yüksək maliyyə büdcəsi olan və qarşısına avrokuboklar hədəfi qoyulan "Turan Tovuz" Premyer Liqanın geridə qalan 3 turunda yalnız 1 qələbə əldə edib.

Özündən aşağı səviyyəli rəqiblərlə qarşılaşmalarda “Qəbələ”yə 1:0 hesabı ilə qalib gələn tovuzlular "Kəpəz"ə uduzub, “Şamaxı” ilə qolsuz heç-heçəyə razılaşıblar.

Mediasport.com.az