AFFA rəsmiləri “Qarabağ”ın akademiyasında görüş keçiriblər
AFFA-nın texniki direktoru Edmond Klaus, texniki direktorun köməkçisi Ramiz Kərimov və texniki direktorun məsləhətçisi Arif Əsədov “Qarabağ”ın akademiyasında görüş keçiriblər.
"Mediasport" xəbər verir ki, AFFA nümayəndələri əvvəlcə “Qarabağ”ın U-19 komandasının məşqini izləyib, daha sonra akademiyanın direktoru Aftandil Hacıyev və meneceri Nail Kərimov ilə görüşüblər.
Görüşdə AFFA ilə futbol klubları arasında əməkdaşlığın gücləndirilməsi, məşqçilərin futbolçuların inkişafındakı rolu, eləcə də AFFA-nın uşaq və gənclər futbolunun inkişafı istiqamətində həyata keçirməyi planlaşdırdığı tədbirlər müzakirə olunub.
Akademiyanın məşqçi heyətinin də iştirak etdiyi görüş qarşılıqlı fikir mübadiləsi və sual-cavab sessiyası ilə yekunlaşıb.

