"Əldə edəcəyimiz uğur Azərbaycan xalqının qələbəsi olacaq" - NAZİR

"Azərbaycanda minifutbol ildən-ilə inkişaf edir. Avropa çempionluğundan sonra bu idman növü ölkəmizdə daha da məşhurlaşdı".
"Mediasport" xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov deyib.
Nazir Bakının ev sahibliyi edəcəyi dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvarda təşkil olunan "Fan Zona"da jurnalistlərə açıqlamasında qeyd edib ki, milli komandanın doğma azarkeşlər önündə çıxış etməsi məsuliyyətli işdir:
"İnanıram ki, uğurlu nəticə əldə edəcəyik. Fürsətdən istifadə edib, azarkeşlərimizi mundialın keçiriləcəyi Milli Gimnastika Arenasına dəvət edirəm. Əldə edəcəyimiz uğurlu nəticə Azərbaycan xalqının qələbəsi olacaq".
Qeyd edək ki, Bakıda ilk dəfə təşkil olunacaq dünya çempionatının oyunları mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında baş tutacaq.