Eldəniz final görüşünə çıxır, daha 4 güləşçimiz yarımfinala adladı

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, yarışın 6-cı günündə Azərbaycanın daha 5 yunan-Roma güləşçisi xalça üzərinə çıxıb.
Onlardan üçü yarımfinala yüksəlib - Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) axşam seansında final uğrunda yarışacaqlar.
Bu gün digər 4 güləşçimiz isə medal görüşlərini keçirəcək.
Yunan-Roma millimizin kapitanı Eldəniz Əzizli (55 kq) finalda yarışacaqsa, Murad Məmmədov (63 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc mükafat uğrunda güləşəcək.
Yarımfinallar 18:45-də, medal qarşılaşmaları saat 20:00-da başlanacaq.
Qeyd edək ki, AÇ-də daha əvvəl sərbəst güləşçilərimiz 1 qızıl, 1 gümüş və 4 bürünc, qadın güləşçilərimiz isə 1 bürünc medal qazanıblar.
Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) və Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə ediblər.
Milli komandamız Slovakiyaya 10 sərbəst, 4 qadın və 10 yunan-Roma güləşçisi ilə yollanmışdı.
Qitə birinciliyinə sabah yekun vurulacaq.