DÇ-də iştirak edəcək millinin üzvləri ilə görüş keçirildi

DÇ-də iştirak edəcək millinin üzvləri ilə görüş keçirildi

Dünya çempionatında iştirak edəcək gənclərdən ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib.

"Mediasport" xəbər verir ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, federasiya prezidentinin müşaviri Natiq Bağırov, eləcə də milli komandaların məşqçi heyəti iştirak edib.

Federasiya rəhbərliyi qarşıdakı dünya çempionatı ilə bağlı idmançılarla fikir mübadiləsi aparıb və onlara yarış öncəsi tövsiyələrini çatdırıb.

Cüdoçulara tatamidə əzmkarlıq, intizam və məsuliyyət nümayiş etdirməyin, hər görüşə maksimum diqqətlə yanaşmağın vacibliyi vurğulanıb.

İdmançılara göstərilən etimad ifadə olunub, onların dünya çempionatında Azərbaycanı layiqincə təmsil edəcəklərinə inam bildirilib və qarşıdakı mübarizədə uğurlar arzulanıb.

Qeyd edək ki, cüdo üzrə gənclər arasında dünya çempionatı 19–22 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək. Azərbaycan mundialda 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunacaq.