Federasiya prezidenti Samuxda yeniyetmə idmançılarla görüşdü
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Samux rayonunda yeniyetmə voleybolçularla görüş keçirib.
"Mediasport" xəbər verir ki, federasiya rəhbəri Gəncə RVK-nın Samux rayon bölməsinin yeniyetmə idmançıları və məşqçiləri ilə görüşüb.
Samux rayon Sərkar kənd Nizami Gəncəvi adına tam orta məktəbin idman zalında baş tutan tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Gəncə RVK-nın rəhbəri Nazim İsayev, “Gəncə” voleybol klubunun prezidenti Elvar Osmanov və Gəncə RVK-nın direktoru Sərxan Məmmədov iştirak ediblər.
Görüşdə qonaqlara Gəncə RVK-nın Samux bölməsində görülən işlər, idmançı və məşqçilər üçün yaradılan şərait haqqında ətraflı məlumat verilib.
Sonra çıxış edən Ş.Bağırov AVF-nin ölkəmizdə voleybolun kütləviliyinin artırılması və inkişafı istiqamətində gördüyü işlərdən danışıb, gənc idmançılara tövsiyələrini verib və onlara uğurlar arzulayıb.

