Əfsanəvi Anatoli Banişevskinin anadan olmasından 80 il ötür
Bu gün Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin anadan olmasının 80 ili tamam olur.
"Mediasport" xəbər verir ki, Anatoli Banişevski 1946-cı il fevralın 23-də Bakıda anadan olub.
Futbol karyerasına Bakının “Lokomotiv” klubunda başlayan Banişevski 16 yaşında “Neftyanik”ə cəlb olunub və 1963-cü ildə bu komandanın əsas heyətində debüt edib.
Karyerası boyunca 1963-cü ildən 1978-ci ilədək yalnız "Neftçi" klubunda çıxış edib. 1966-cı ildə "Neftçi"nin heyətində futbol üzrə SSRİ çempionatının bürünc medalını qazanıb.
1964-cü ildə SSRİ çempionatının ən yaxşı debütantı seçilib, 1965, 1966 və 1967-ci illərdə isə “33 ən güclü futbolçu” sırasına düşüb.
SSRİ yığma komandasının heyətində 1966-cı ildə dünya çempionatında iştirak edib, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb.
1981-1983-ci illərdə “Neftçi”nin, 1984-1987-ci illərdə Mingəçevirin "Avtomobilçi" komandasının, 1987-1988-ci illərdə isə Burkina-Fasoda məşqçi kimi fəaliyyət göstərib.
1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.
Anatoli Banişevski 1997-ci il dekabrın 10-da dünyasını dəyişib.
