"Hədəfimiz çempion olub kuboku muzeyimizə aparmaqdır"
"Mediasport" "Neftçi"nin baş icraçı direktoru Cenk Sümerin müsahibəsini təqdim edir.
"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci oyununu keçirdi. Bu barədə fikirləriniz nədir?
- Mövsüm bizim üçün çətin başladı. Komandamız yenidir. 9 yeni transfer etdik, heyətimizdən 10 futbolçu ayrıldı. Konfrans Liqasının ikinci təsnifat mərhələsində bir qol vura bilməyərək turnirlə vidalaşmağımız əhvalımızı pozdu. Lakin komandamız ruhdan düşmədi və yaxşı işlər görməyə başladı. Mövsüm uzundur. Nəticə etibarilə, 1000-ci oyunumuzu keçirməkdən qürur duyuruq. Azərbaycanda bunu edən ilk klub olaraq qürurluyuq. Bugünkü nəticə isə həm azarkeşlərimiz, həm də camiəmiz üçün xeyirli olsun. Futbolçular əllərindən gələni etdilər. "Qəbələ" də futbolu gözəlləşdirmək üçün əlindən gələni etdi. Onlara da təbrik düşür. Düşünürəm ki, "Qəbələ" yeni baş məşqçisi ilə qarşıdakı oyunlarda yaxşı nəticələr əldə edəcək. Hədəfimiz əvvəldən dediyimiz kimi, çempion olub, kuboku muzeyimizə aparmaqdır.
İndiyədək ikinci altılıq komandalarına qarşı oynadız və yaxşı nəticələr əldə etdiz. Bundan sonrakı matçlar daha çətin rəqiblərə qarşı olacaq. Necə düşünürsünüz, heyətiniz bunun üçün yetərlidir?
- Oyunun böyüyü, kiçiyi olmaz. Hələlik turnir cədvəlində yuxarı pillələrdə qərarlaşan komandalarla oynamasaq da, hər qarşılaşmanın öz çətinliyi var. Komandamıza güvənirik. Yenidən qeyd edim ki, 9 yeni futbolçumuz var və onların adaptasiya prosesi gedir. Ölkəyə, komanda yoldaşlarına, stadionlara öyrəşməyə çalışırlar. Çalışmağa davam edəcəyik. Heç nə bitməyib. Bizim üçün rəqib rəqibdir. Hər birinə hörmətlə yanaşacağıq. Rəqibin böyüyü, kiçiyi, asanı, çətini yoxdur. Hamısına eyni həssaslıqla yanaşacağıq.
Sizcə, ötən mövsümlə müqayisədə rəqabət artıb, yoxsa azalıb?
- Demək olar ki, hər mövsümdə irəliləyiş olur. Buna görə çox sevinirəm. Çünki keyfiyyət artır. AFFA və PFL bu keyfiyyətin daha da artması üçün müstəsna işlər görürlər. Eyni zamanda, klublar da bunun üçün əllərindən gələni edirlər. Təsəvvür edin, Azərbaycanın Çempionlar Liqasının qrup mərhələsində ardıcıl iki mövsümdür çıxış edən klubları var. Qarşıdakı illərdə "Neftçi" olaraq biz də orada yerimizi alacağıq. Dediyim kimi, rəqabət artır, Premyer Liqa çətinləşir. Bunun Azərbaycan milli komandasına da müsbət təsiri olacaq.
Ardıcıl qələbələrdən sonra milli fasilənin yaranması komandanıza necə təsir edəcək?
- Ardıcıl qalibiyyətlərin zərəri olmaz. Milli fasilə komandamızın oturuşması üçün önəmlidir. Çox çalışqan, işinə məsuliyyətlə yanaşan baş məşqçimiz var. O, məşqçilər heyəti ilə birgə gecə-gündüz komandanın üzərində işləyir. Hər birimiz çalışırıq. Düşünürəm ki, milli fasilə bizim üçün çox faydalı olacaq.
Azərbaycan millisinin Millətlər Liqasındakı şanslarını necə dəyərləndirirsiz?
- Milli komandanın səviyyəsi artır. Baş məşqçi də özünü bu sahəyə həsr etmiş biridir. Gördüyü işləri bəyənirəm. Dəfələrlə "Neftçi"nin oyunlarında da futbolçuları diqqətlə izləyib. Ən azından şansımız olduğunu, yavaş-yavaş daha da artacağını düşünürəm. Əminəm, ki, Azərbaycan millisinin fotmasını geyinən hər bir oyunçu aslanlar kimi oynayacaq və sonadək mübarizə aparacaq.

