"Hədəfimiz doğma azarkeşlər önündə dünya çempionu olmaqdır"

"Dünya çempionatı üçün hazırlıqlar son mərhələyə çatıb. Bir neçə günə arena tam hazır olacaq".
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov deyib.
Qurum rəhbəri Bakının ev sahibliyi edəcəyi dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvarda təşkil olunan "Fan Zona"da jurnalistlərə açıqlama verib.
O, mundialın keçiriləcəyi Milli Gimnastika Arenasında da hazırlıqların yekunlaşmaq üzrə olduğunu bildirib:
"Bildiyiniz kimi, mayın 19-da dünya çempionatına həsr olunan “Legend Cup” keçiriləcək. Düşünürəm ki, futbol ictimaiyyəti və azarkeşlər həmin oyunu böyük səbirsizliklə gözləyirlər.
Milli komandamız DÇ-dən əvvəl Birləşmiş Ərəb Əmirlikləri ilə yoldaşlıq görüşü keçirəcək. Bu da mundial öncəsi son oyun olacaq.
Bilirsiniz ki, bundan əvvəl yığmamız Monteneqroda təşkil edilən turnirdə birinci, Slovakiyada isə ikinci olmuşdu. Ab-hava yüksək səviyyədədir. Hədəfimiz doğma azarkeşlər önündə dünya çempionu olmaqdır".
Qeyd edək ki, dünya çempionatı mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında keçiriləcək.