Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirə yekun vuruldu

Ümumilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirinə yekun vurulub.
"Mediasport" xəbər verir ki, Tennis Akademiyasında təşkil olunan final qarşılaşmasında Ədliyyə Nazirliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin komandaları üz-üzə gəliblər.
3:0 hesablı qələbə qazanan Ədliyyə Nazirliyinin komandası ardıcıl ikinci dəfə turnirin qızıl medallarını qazanıb.
Üçüncü yer uğrunda görüşdə isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə Daxili İşlər Nazirliyinin komandaları qarşılaşıblar. Əsas vaxt 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq olan DİN bürünc medalları əldə edib.
39 kollektivin qatıldığı turnir Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.