Allah ŞƏFA versin - KÖŞƏ
Azərbaycan futbolunda anormal qərarlar tarixən olub, indi də var.
Şəxsən mən futbolumuzun içində olduğum 20 ildə o qədər qeyri-peşəkar, qeyri-ciddi, gecəylə edilən qəfil seçimlər görmüşəm ki, indi heç bir "yeniliyə" təəccüblənmirəm.
Amma məsəl var, qulaq gündə bir söz eşitməsə, kar olar.
Bugünlərdə başa çatan mövsümdə 1-ci Liqada çempion olan "Şəfa" baş məşqçisi Elgiz Kərəmli ilə vidalaşıb.
Rəhbərlik (!) paytaxt klubunu Premyer Liqaya çıxaran, ötən mövsüm 2-ci Liqada gümüş medalları qazanan mütəxəssisi yola salıb!
Sənəd üzərində rəhbəri baş sponsor "MyGroup Holding"dən göndərilən Kənan Sadıqlı olsa da, de-fakto Əfran İsmayılovun idarə etdiyi komanda bununla da startdaca ilk böyük səhvini və qeyri-peşəkarlığını nümayiş etdirdi.
Əldə edilən uğurlarda əsas pay sahibi olan baş məşqçiyə qəfil qapını göstərmək, ona elitada heç bir şans verməmək, hardan baxsaq, qeyri-ciddilik və Kərəmliyə hörmətsizlikdir.
İkinci ayıb isə Kərəmlinin yerinə gətirildiyi danışılan və məşqçi kimi heç bir ciddi uğuru olmayan Zaur Həşimovun təyinatıdır.
Yenə dostluq? Yenə tanışlıq? Nç, nç...
Haqsızlıq ayaq tutar, yeriməz. Belə hörmətsiz seçimi Allah da götürməz.
Bunu ən azından normal futbol keçmişi olmuş və dindar təbəqədən sayılan Əfran İsmayılov bilməmiş deyil.
İsmayılov demişkən, adi vaxtda zəngə-vatsap mesajına dərhal cavab verən, gündə 4 dəfə yığsan, geridönüş edən veteran futbolçu vitse-prezident postuna əyləşən kimi sanki 180 dərəcə dəyişib.
Kreslonunmu ya tutduğu vəzifənin ağırlığındanmı - hər nədəndisə artıq bizim Əfran telefonlara cavab vermir.
Əcəba, bəlkə özünü ciddi rəhbər kimi aparmağa qərar verib? Olsun, nə deyirik.
Təki, bütün işlərində belə ciddi olsunlar demək istərdim, amma ilk seçimlərindən nə qədər həvəskar, qeyri-peşəkar olduqları göz qarşısındadı.
Belə rəhbərliyi olan komandadan elitada nə gözləyək? Hes zad!
Necə deyərlər, Allah ŞƏFA versin!
Elvin ƏHƏD


