"İllər keçəcək, bu oyun bir ayıbımız kimi yadda qalacaq" - Mahir Emreli
"İllər keçəcək, bu oyun bir ayıbımız kimi yadda qalacaq. Xalqımızdan, hər kəsdən bu nəticəyə görə üzr istəyirik".
"Mediasport" xəbər verir ki, bu fikrilər Azərbaycan milli komandasının futbolçusu Mahir Emreliyə məxsusdur.
Hücumçu UEFA Millətlər Liqasının 2-ci turunun Lixtenşteynlə Bakıda baş tutan qolsuz heç-heçəsindən sonra jurnalistlərə düşüncələrini bölüşüb, nəticəyə görə üzr istəyib:
"Oyun baxımından zəif təsir bağışlamadıq. İlk dəqiqədən son saniyəyə kimi dominantlıq etdik. Topla hücumlar edirdik dayanmadan.
Bilmirəm qapıya neçə zərbə endirdik. Ancaq sondakı ustalıqmı deyim, yoxsa nəyə bağlayım bunu, bilmirəm. Sonda nəticə yadda qalır".
O, iki gün sonra Litva ilə görüşdə qələbə qazanacaqlarına inandıqlarını bildirib:
"Bunu biz etmişik. Bütün milli komanda, futbolçular, məşqçilər bu barədə düşünür. Düzəltmək öz əlimizdədir.
Litva ilə oyunda qalib gəlməliyik ki, həm özümüzə, həm xalqımıza heç olmasa, inamı geri qaytaraq. Qrupda birinci yeri tutmaq şansımız qalır".
Xatırladaq ki, Azərbaycan yığması qrupda Litva və Lixtenşteyn milliləri ilə heç-heç (1:1, 0:0) edib. Litva futbolçuları ilə növbəti görüş oktyabrın 4-də Bakda olacaq.

