"İnsan daha çox TOP-5 liqalarını və böyük Avropa klublarını düşünür"
"Mediasport" “Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin keçmiş klubu “Stal”ın mətbuat xidmətinə müsahibəsini təqdim edir.
“Qarabağ” forması ilə Çempionlar Liqasındakı çıxışın azarkeşləri təəccübləndirir. Son bir ildə həyatının nə qədər dəyişdiyini düşünürsən?
- Bütün matçlarımdan tam razı qaldığımı da deyə bilmərəm. Əlbəttə, müsbət çıxışlar mənfi çıxışlardan daha çox idi. Amma tez-tez düşünürəm ki, həyatda heç nə mümkünsüz deyil. Meletsdə yaşadığım çox anlar var ki, onlar həmişə yaddaşımda qalacaq.
Polşa millisinə çağırılmağını ailən necə qarşıladı?
– Atam həmişə karyeramla bağlı hər şeyə çox həyəcanlanır. O gün isə sanki cənnətdə idi. Bütün ailə çox sevinirdi və mənimlə fəxr edirdi.
Millinin toplanışına Robert Levandovski kimi ulduz və digərləri səni necə qarşıladı?
– Futbolçuların əksəriyyəti məni çox yaxşı qarşıladı. Komandaya uyğunlaşmağım üçün çalışdılar. Bəziləri bir qədər az danışdı. Bu da normaldır, xüsusilə kiçik klubdan gələn futbolçu üçün ilk çağırışda.
Azərbaycanda klub karyeran necə başladı? “Qarabağ”a keçəndə nə gözləyirdin?
– Ölkə haqqında heç nə bilmirdim. İnternetdən oxumalı oldum. Heç vaxt fikirləşmirdim ki, burada oynamaq şansım olacaq. İnsan daha çox TOP-5 liqalarını və böyük Avropa klublarını düşünür. Amma buraya gələndən sonra başa düşdüm ki, insanlar çox səmimi və yardımsevərdir. Klubda da məni əla qarşıladılar. Tezliklə hər şeyin qaydasında olduğunu anladım.
Azərbaycandakı həyat şəraiti Polşadan çox fərqlənir?
– Fərqlər var, amma elə də böyük deyil ki, kiməsə mane olsun. Azərbaycanlılar bu müqayisəni sevmir, amma ən sadə izahı budur — ölkə müəyyən mənada Türkiyəyə bənzəyir. Müsəlman ölkəsidir, amma insanlar çox mehribandır. Burada kimisə narahat edə biləcək heç nə yoxdur.
Sevgilin Azərbaycana gedəcəyinizi eşidəndə necə reaksiya verdi?
– Daha yaxın ölkəyə gedəcəyimizi düşünürdü. Amma başa düşdü ki, daha yüksək səviyyəyə qalxmaq üçün pillə-pillə getməliyəm. O, hər addımımda məni dəstəkləyir və buna görə ona çox minnətdaram.
Ev icarəyə götürmüsünüz, yoxsa oteldə qalırsınız?
– İcarəyə götürmüşəm. Yayda dəyişdim. Əvvəl mərkəzdə yaşayırdım, indi bir az kənara köçmüşəm. Məşqdən kənarda sakit həyatı daha çox sevirəm.
Məşq sistemi “Stal”dan çox fərqlənir?
– Polşada olduğum bütün klublardan çox fərqlidir. “Qarabağ”da daha çox məşq olur. Klubda 7–8 saat vaxt keçiririk. İki nəfərlik otaqlarımız var. Məsələn, məşq 16:00-dadırsa, toplanış 14:00-dadır. Yemək, istirahət, məşqəqədər yüngül yuxu. Hər məşqə əvvəlcə fitneslə başlayırıq: oyuna nə qədər çox varsa, ağırlıq bir o qədər çox olur, oyuna yaxınlaşdıqca azalır.
Çempionlar Liqasında çox yaxşı çıxış edirsiniz. “Qarabağ” TOP-5 liqalardan hansında daha rahat oynaya bilər?
– Fransa liqasında. Orada bir neçə komanda hər il çox güclüdür, amma qalanları bizə yaxındır.
Azərbaycanda azarkeşlər necədir? Stadionlara çox adam gəlir?
– Polşaya nisbətən azdır. Çempionlar Liqasında stadion dolur, amma liqa oyunlarında ən sədaqətli azarkeşlər gəlir. Daim mahnı oxuyan və dəstək olan qrup var və onlara böyük hörmətim var. Kimsə deyə bilər ki, az adam var, atmosfer zəifdir — amma məncə, sayından asılı olmayaraq hər bir azarkeş hörmətə layiqdir.
Komandada qapıçı mövqeyində rotasiya var. Hər oyunda sən oynamırsan…
– Bəli, burada Azərbaycan millisinin qapıçısı da var. O da daim oyun ritmində olmalıdır. Baş məşqçi həmişə çox rotasiya edib və hələ də edir — yalnız qapıçı yox, bütün komanda üzrə.
Şahruddin Məhəmmədəliyevlə rəqabətiniz necədir? Sağlam rəqabətdir?
– Hər məşqdə bir-birimizi dəstəkləyirik. Hamıdan yardım görürəm. Şahruddin azərbaycanlıdır, məşqçi ilə öz dilində danışır, illərdir komandadadır. Mənə çox kömək edir. Burada hamı bir-birini dəstəkləyir, heç kim kiməsə pislik etmək istəmir.
Azərbaycanda şəxsi olaraq nəyin çatışmazlığını hiss edirsən?
– Sevgilimin və itimin yanımda olmasını istəyərdim. O olsa, başqa heç nəyə ehtiyacım olmaz, tam xoşbəxt olardım.
“Roma” və “Borussiya” (Dortmund) kimi klubların səninlə maraqlandığı yazılır. TOP-5 liqalardan həqiqətən maraq var?
– Belə xəbərləri mən də görürəm, amma agentimdən və ya klubdan rəsmi məlumat gəlməlidir. İnternetdə hər kəs nəsə yaza bilər, xüsusilə yaxşı dövr keçirəndə insanlar daha çox inanır. Maraqlar və sorğular var, amma xəbərlərdə yazılan klublardan deyil. Konkret təklif yoxdur. Yayda “Stal”dan ayrılarkən təxminən 15 klub maraq göstərmişdi, amma heç biri rəsmiləşmədi. Marağın olması yaxşı motivasiya verir, çünki kimsə sənə baxır.
