Kaş, Vernidub yayda gətiriləydi - "Neftçi" həmin "Neftçi"dir, amma...
Samir Abasovun gedişindən uzun zaman keçməsə də, "Neftçi" Yuri Vernidubla 90 faiz dəyişib.
Komandanın Abasovdan sonra keçirilən 14-15 matçda xüsusən oyun baxımından yüksək irəliləyiş və performans göstərməsinin əsas səbəblərindən biri, bəlkə də birincisi ukraynalının azərbaycanlı həmkarından fərqli, daim "ağlaşma qurmaması", elə hey nədənsə-kimdənsə gileylənməməsi və günahı özündən başqa hər kəsdə görməməsinə görədir. Buna deyirlər peşəkarlıq nömrə bir!
Xatırlayırsızsa, Samir Abasov yayda "cildini dəyişdiyi" "Neftçi"yə adicə sabit oyun üslubu aşılaya bilmirdi, nəticə bir yana.
15-20 milyonluq (bəlkə də daha çox) komanda 55-60-cı dəqiqədən sonra "dağılır", futbolçular meydanda pərən-pərən düşürdülər. Kollektiv növdə isə "solo" ilə nəticə əldə etmək mümkün deyil.
Vernidub gəldikdən sonra özünəinamı, intizamı, iddianı tam bərpa edib sanki. Ukraynalı məşqçi ilə məğlub olduqları matçların heç birində "ağ-qaralar" asan təslim olmayıblar.
Yeni baş məşqçinin əsas üstünlüklərindən biri də heyəti özünün formalaşdırmamasına baxmayaraq, bircə dəfə bu məqama eyham vurmamasıdır. Bu da peşəkarlıq nömrə iki!
Samir Abasovun gətirdiyi futbolçular - Kenan Piriç, İqor Ribeyro, Elvin Bədəlov, Murad Xaçayev, Sessi D`Almeyda, Luis Ortis, Alessio Kurçi, Falaye Sako, İmad Fərəc, Freddi Varqas, Cordan Rezabala, Kristian Kostin, İfeanyi Metyu və hətta hazırlığı yüksək səviyyədə olmayan Vensan Abubakar bu gün "Neftçi"yə əməlli fayda verir.
14 yeni və kifayət qədər yüksək potensiallı futbolçu ilə yola çıxan Abasovun gözləntiləri alt-üst etməsi həqiqətini gizlətmək mümkün deyil.
Yuri Vernidubdan sonra heyətə yalnız bugünlərdə Breno Almeyda cəlb olunub. Və ukraynalı daha yaxşı qrafiki məhz əldə olan "material"la qazanır. Komandanın bu gün avrokubok zonasından faktiki 2 xal geri qalması təsadüfi sayıla bilməz.
Əgər "Neftçi" bu mövsüm də avrokuboklardan kənarda qalsa, şübhəsiz, qəbahətin 85 faizi Samir Abasovun passivinə yazılacaq.
"Ağ-qaralar" məhz onun dönəmində Premyer Liqada 12 oyuna 15 xal toplamışdı ki, orta hesabla hər görüşə 1,25 xal yüksək nəticə sayıla bilməz.
Abasovun xələfi isə 11 oyuna 19 xal əldə edib - orta hesabla hər matça 1,7 xal düşür. Nəticə və fərq göz önündədir.
Əlbəttə, müşahidə olunan inkişaf hələ ideal səviyyəyə çatmayıb və komandada çatışmazlıqlar var, amma əvvəlki qeyri-sabitliyin qısa zamanda aradan qaldırılması fonunda faktiki perfomansa nəzərən müsbət məqamların çoxluğu da aşkardır.
Xüsusilə komandanın mövsümün ən gərgin vaxtında rəqabətədavamlılığının yaxşı vəziyyətdə olması qarşıda daha pozitiv nəticələrə yol aça bilər.
Belə deyək, bu heyətə yüngül əl gəzdirməklə qarşıdakı mövsümdə daha ciddi hədəflər uğrunda mübarizə aparmaq mümkündür.
Bizə hələlik gözləmək qalır. Bəlkə də uğurlu başlanğıcın əsası bu mövsümün sonunda qoyuldu, kim bilir.
Yəqin, "Neftçi" azarkeşləri indi "Kaş, Vernidub yayda gətiriləydi" təəssüfü ilə mövsümün sonunu gözləyirlər...
AYXAN
