Şillə-təpiklə klub idarə edən Sadıqovdan yersiz atmacalar

Şillə-təpiklə klub idarə edən Sadıqovdan yersiz atmacalar

Bir vaxtlar Azərbaycan futbolunda sözün hər mənasında at oynadan Sadıq Sadıqov var idi.

"Neftçi"ni ardıcıl üç dəfə Azərbaycan çempionu etmişdi. Güc ilə. Zorla. Sözün hər mənasında.

İllərdir "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin rəhbəri vəzifəsini daşıyan, hazırda müəssisədə müşavir olan Sadıqov "Futbolinfo"ya müsahibə verib. Maraqlı da alınıb.

Adətən futbolun sabiqlərinin sonrakı müsahibələri, açıqlamaları rezonans doğurur, gündəm yaradır, maraqlı olur.

Bu dəfə də istisna olmadı. Sadıqovun müsahibəsi - xüsusən ikili atmacaları sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Çox mətləbdən danışıb, çox yerə-çox adama söz atıb. Ancaq bəzi məqamları unudub.

Yaddan çıxarıb ki, onun "Neftçi"ni "vorovskoy" qaydalarla idarə etməsi məhz bizim gözümüzün önündə olub.

Sadıqov futbolda olduğu dönəmdə daim yanında idmançı dəstəsindən ibarət qolçomaq gəzdirib. Peşəkar əlbəyaxaçı "dəstə"nin də başçısı məşhur kikboksçu Güloğlan Cabbarov idi.

Lazım olanda stadiona girib futbolçuları döyərək ağız-burunlarını al qana boyayırdılar, lazım olanda öz futbolçularını təpik-şillənin altına salırdılar, bəzən də jurnalistə hədə-qorxu gəlirdilər və s. bu kimi bərbad və neqativ hadisələrin birbaşa mərkəzində məhz Sadıq Sadıqov və onun "əlaltı"ları olub. Sadıqovun unutduğu vacib detaldır.

Sadıqovun "Hansısa transferlər sayəsində Çempionlar Liqasının qrupuna düşə bilərdik", "Qarabağ" heç vaxt "Neftçi" olmayıb", "Suraxanıdakı bazanı onlara 25 illik icarəyə vermişik, indi gedib Ağdamda baza tikib orada məskunlaşsınlar" tipli açıqlamaları ilə gündəmə çıxmaq sevdasından belə başa düşülür ki, keçmişlərini həqiqətən unudublar.

Normaldır, rəhbərlik və azarkeş üçün yadda hər zaman nəticə qalır. Lakin mətbuat heç bir fəaliyyəti yaddan çıxarmır. Yaxşı ya pis.

Dzüdür, şillə-təpiklə klub idarə edən adamın "Qarabağ" heç vaxt "Neftçi" olmayıb" açıqlaması həqiqətin ta özüdür. Özü etiraf edib. Haqq verirəm.

Bəli, "Qarabağ" heç vaxt "Neftçi" olmayıb, ola da bilməz. Şükür, bugünkü "Neftçi" də o deyil.

"Qarabağ"ın rəhbərliyi heç vaxt heç bir futbolçunu, futbol adamını, hakimi döydürüb qanını axıtmayıb, jurnalistə hədə-qorxu gəlməyib.

"Qarabağ" bütün sivil futbol qaydaları ilə idarəetmə modelinə sahibdir ki, məhz bunun nəticəsində illərdir Avropada Azərbaycan futbolu deyiləndə 90 faiz adamlar məhz Ağdam klubunun adını çəkir.

O ki qaldı Sadıqovun "Suraxanıdakı bazanı onlara 25 illik icarəyə vermişik, indi gedib Ağdamda baza tikib orada məskunlaşsınlar" fikrinə, hörmətli Sadıq müəllim, daim dövlətin idman tədbirlərinin içindəsiniz - həmçinin "Qarabağ" rəhbərliyi.

İndiyədək sözünüzü niyə bir dəfə yaxınlaşıb "Qarabağ" rəhbərliyinə deməmisiniz? Hər dəfə ilk fürsətdə media vasitəsilə quyularına daş atırsınız, sizə yaraşırmı bu?

Tahir Gözəl orda, Əmrah Çəlikəl orda, siz burda. Nə sözünüz var, qarşılaşdığınız tədbirlərin birində sözünüzü deyin, cavabınızı alın.

Mətbuat vasitəsilə etdiyiniz atmacalar hörməti ucuzlaşdıran, aşağı salan nüansdır.

Bilirik ki, kifayət qədər hörmətli, nüfuzlu şəxssiniz, bizim də sayğımızı onun üstünə gəlin. Amma belə ərköyün davranış sizə yaraşmır.

Ən azından ona görə ki, bu baza məsələsinə görə şəxsən sizə 2-3 dəfə yaxınlaşmışam, açıqlama-müsahibə verməkdən boyun qaçırmısınız.

İndi isə arxadan daş atırsınız, olmadı ki...Bizim tanıdığımız Sadıq Sadıqov sözü üzə deməyi bacaran rəhbər idi, arxadan söz atan yox...

Sevgilərlə

Elvin ƏHƏD