MÜSAHİBƏ: "Qəbələ"ni çempion edən Kaxaber Çxadadze başa çatan mövsümü dəyərləndirdi

MÜSAHİBƏ: "Qəbələ"ni çempion edən Kaxaber Çxadadze başa çatan mövsümü dəyərləndirdi

"Mediasport" Premyer Liqayad qayıdan “Qəbələ”nin baş məşqçisi Kaxaber Çxadadzenin klubun mətbuat xidmətinə müsahibəsini təqdim edir.


Ümumi mövsümü necə dəyərləndirirsiz? Komandanın cari mövsümdəki çıxışı, futbolçuların oyun keyfiyyəti sizi qane etdi?

- Cari mövsüm bizim üçün çox yaxşı keçdi. Göstərdiyimiz oyunlarla yarışı yüksək nəticə ilə başa vuraraq çempion olduq. Futbolçularım və məşqçilər korpusumuzla ili bu cür başa vurmaq üçün çox əziyyət çəkmişdik. Sonda isə bunun bəhrəsini gördük.

“Qəbələ” bu il çempionatda ən az qol buraxan, ən az məğlub olan, ən çox qol vuran və.s. yüksək göstəricilərlə çempion oldu. Mövsümün əvvəlindən nəticənin bu cür olacağına inanırdız?

- Bu nəticə heç də asan başa gəlməyib. Mövsümün əvvəlində demək olar ki, sıfırdan komanda qurmaq öhdəliyimiz var idi. İdman direktorumuz, klubun rəhbərliyi, məşqçilər korpusumuzla bu işin öhdəsindən gəlməyi bacardıq. Daha sonra isə fiziki, taktiki və.s məşqlərimiz çox oldu. Bununla futbolçularımızı yeni mövsümə maksimum yaxşı hazırlamaq istəyirdik. Onlar da bütün bunların öhdəsindən gəlməyi bacardılar. Futbol komanda idman növüdür, biz bu nəticəyə bir yerdə, komanda şəklində, hər bir kəsin çəkdiyi əziyyət sayəsində çatmışıq.

Komanda bu il əsasən gənc futbolçularla çıxış etdi. Onların performansından necə, razı qaldız?

- Bu il gənc futbolçulara da oyunlarda kifayət qədər şans verdik. Onlar da öz üzərilərinə düşəni maksimum səviyyədə etməyə çalışdılar. Lakin bu hələ başlanğıcdır. Gənc oyunçularımız öz üzərilərində daha çox işləməli, daha çox inkişaf etməlidirlər.

Növbəti mövsüm necə, yenə akademiyanın yetirməsi olan gənc futbolçulara şans verməyi düşünürsüz?

- Əlbəttə, komandanın öz yetirmələrinin əksəriyyətini komandada saxlamağı düşünürük. Nəzərə alsaq ki, gələn mövsüm Premyer Liqada mübarizə aparacağıq. Orada artıq “Qarabağ”, “Neftçi” və s. kimi komandalarla mübarizə apara bilmək üçün isə gənc oyunçularımız öz üzərilərində daha çox çalışmalıdırlar.

Azarkeşlər "Qəbələ"nin 1-ci Liqada məğlub olmadan və hətta qol buraxmadan çempion olmasını arzulayırdılar. Sizcə, buna mane olan nə oldu?

- Bu il bizim çox yaxşı göstəricilərimiz oldu. 21 oyun məğlub olmadan irəlilədik, sonda ən çox qol vuran komanda olduq. Artıq çempionatın axırlarına yaxın qol da buraxdıq, 2 dəfə məğlub da olduq. Bu da futbolun bir hissəsidir. Mübarizə olan yerdə bu cür halların baş verməsi normaldır. Bizim əsas hədəfimiz Premyer Liqaya vəsiqə qazanmaq, ondan sonra isə çempion olmaq idi ki, bunun da öhdəsindən yüksək səviyyədə gəlməyi bacardıq.

Növbəti mövsüm üçün əsas planlar nədir? Komanda hansı hədəflər uğrunda mübarizə aparacaq?

- Növbəti mövsüm elitada yaxşı nəticələr qazanmaq üçün daha mübariz olmalı və çox çalışmalıyıq. Qarşımızda konkret bir tapşırıq olmasa da, mübariz və döyüşkən bir komanda qurmalıyıq ki, rəqiblərimiz də bizdən çəkinsin. Belə olduğu halda, nəticə də, uğur da komandanın yanında olacaq.