"Bu çatışmazlıqları aradan qaldırıb yaxşı komanda olacağıq"

"Bu çatışmazlıqları aradan qaldırıb yaxşı komanda olacağıq"

"Mediasport" Qəbələdə təlim-məşq toplanışında U-20 Azərbaycan millisinin futbolçusu Toğrul Tapdıqlının mediatur zamanı verdiyi müsahibəni təqdim edir:


Ümumi olaraq toplanış necə keçir, nə vaxtdan başlamısınız və yeni məşqçiyə uyğunlaşma prosesi necə gedir?

- Aprelin 10-dan 26-na qədər davam edən təlim-məşq toplanışındayıq. Peşəkar məşqçilərlə işləyirik və onlara uyğunlaşmaq çox asandır, çünki bir-birimizi rahat başa düşürük. Bu hazırlıq Bakıda ev sahibi kimi çıxış edəcəyimiz 2027-ci il dünya çempionatına yönəlib.

Fərqli komandalardan gələn oyunçuların bir-birinin oyun üslubunu anlamasında çətinlik yaranmır?

- Xeyr, çünki illərdir müxtəlif yaş qrupları üzrə millilərdə bir yerdəyik və çempionatda bir-birimizə qarşı oynayırıq. Bir-birimizə bələd olduğumuz üçün ciddi bir problem yaşamırıq.

Baş məşqçinin sizdən əsas tələbi və oyun fəlsəfəsi nədir?

- Əsas istək oyunu kontrol etmək, topa sahib olmaq, pas oyunu qurmaq və topsuz mübarizədə çox qaçmaqdır.

Komandada hazırda hansı boşluqlar var və əsas narahatlıq nə ilə bağlıdır?

- Komanda yeni formalaşdığı üçün müəyyən boşluqların olması təbiidir. Bu bizim ilk birgə peşəkar toplanışımızdır, lakin qarşıda hələ uzun vaxtımız var və bu çatışmazlıqları aradan qaldırıb yaxşı komanda olacağıq.