Kubokun finalı çempionatın bitməsinə iki tur qalmış keçiriləcək

Kubokun finalı çempionatın bitməsinə iki tur qalmış keçiriləcək

“Final oyunu ilə bağlı yenilik olacaq. Bildiyiniz kimi, əvvəlki illərdə mövsümə kubokun final matçı ilə yekun vururduq. Amma bu dəfə çempionatın bitməsinə iki tur qalmış kubokun final qarşılaşması reallaşacaq".

"Mediasport" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) texniki idman direktoru Elgiz Abbasov deyib.

Qurum rəsmisi yeni mövsüm Azərbaycan Kubokunda dəyişikliklər barədə məlumat verib:

"Alınan bu qərarın bir neçə səbəbi var. Hər kəsə məlumdur ki, PFL 2013-cü ildən Avropa Peşəkar Liqalarının tam hüquqlu üzvüdür və mütəmadi olaraq bu qurumla müzakirələr aparırıq. Futbolda öz sözünü demiş ölkələrin təcrübələrini Premyer Liqamızda tətbiq etməyə çalışırıq.

Bununla da futbolçular kubok oyununa daha pik formada çıxacaqlar. Eyni zamanda, çempionat başa çatdıqdan sonra milli komandaların oyunları öncəsi daha çox istirahət imkanı qazanacaqlar”.

Qeyd edək ki, ümumilikdə 34 komandanın mübarizə aparacağı Azərbaycan Kubokunun final qarşılaşması mayın 13-də “Neftçi Arena”da keçiriləcək.