"Neftçi"nin uğursuzluğunun tək səbəbkarı Yuri Vernidubdur!
3 mövsümlük fasilədən sonra avrokuboka qayıdan "Neftçi"nin evə dönüşü yenə qısa çəkdi.
"Ağ-qaralar" UEFA Konfrans Liqasında iki oyunun nəticəsinə görə "Dinamo"ya (Belarus) uduzaraq mübarizəni startda dayandırdı.
Püşkdə münasib rəqib düşsə də, azarkeşlər yekunda böyük məyusluq yaşadılar - "Neftçi" yenə ümidləri doğrultmadı.
Bu uğursuzluğu ayıq başla analiz etsək, əsas günahı baş məşqçi və futbolçularda görməliyik. Yeni gələnləri bəyənən, seçən, OK verən məhz baş məşqçidir.
Transfer dönəmində heyətə qatılan 4 yeni futbolçu komandaya güc qatmalı idi, görmədik.
Hazırkı heyət Minsk klubunu keçmək üçün kifayət qədər yetərli olsa da, ukraynalı baş məşqçi işin öhdəsindən gələ bilmədi.
Vernidubun mövsüm başlamazdan komandaya qoşulan Rüfət Abbasov, Qustavo Klisman, Endryu Qravilyon və Lyübomir Tuptanın faydalı tərəflərini müəyyənləşdirməsi üçün xeyli vaxtı olduğunu nəzərə alsaq, heyətin keyfiyyəti ilə bağlı ciddi bəhanəsi ola bilməz.
Ən böyük sual taktiki qərarlar və heyət seçimləri ilə bağlıdır. Məsələn, ilk oyunda 10 dəqiqə ərzində rəqibə 2 qol vuran komandanın sonrakı dəqiqələrdə tamamilə tonusdan düşərək 4 top buraxmasının günahını başqa yerdə axtarmaq iz azdırmağa bənzəyər.
Kor-kor, gör-gor: "Neftçi" "Dinamo"ya fiziki-taktiki-texniki hazırlıqda, oyun planında uduzdu.
Avropa yarışlarında doğma meydanda 10 dəqiqəyə 2 top üstünlük əldə etmək və bunu qoruyub saxlaya bilməmək, yeri-yurdu bilinməyən, büdcəsi qat-qat aşağı bir komandaya belə biabırçı uduzmağa cavab verəcək tək şəxs baş məşqçi və korpusudur.
Cavab qarşılaşmasında qazanılan minimal hesablı qələbə isə ilk matçdakı səhvləri kompensasiya edə bilmədi.
Məsələn, ötən mövsüm komandanın bombardiri olan Bassala Sambunun iki oyunda faktiki olaraq təhlükəli qol epizodu yarada bilməməsi də çox düşündürücüdür. Hücumçunun oyundan bu qədər təcrid olunması onun fərdi keyfiyyətindən çox komandanın hücum planının düzgün qurulmamasından xəbər verir. Mərkəz hücumçusu top almırsa, deməli, yaradıcılıq zəncirində ciddi problem var.
"Dinamo" "Neftçi"ni məhz belə texniki detallara görə keçdi.
Qısası, Vernidubun heyət seçimləri, oyun planı, alternativ variantının olmaması, müdaxilələri effekt vermədi.
Əlbəttə, ukraynalının yeni gəldiyi fonunda ona müəyyən vaxt vermək lazımdır. Lakin bu, elementar səhvlərə göz yummaq anlamına gələ bilməz.
AYXAN


